Hindistan Azərbaycanın ŞƏT-ə üzvlük müraciətini yenidən bloklayıb.
Bu barədə "AnewZ" diplomatik mənbələrə istinadən məlumat yayıb.
Çin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünü dəstəkləsə də, Hindistan yenidən Bakının tamhüquqlu üzvlük təklifini bloklayıb.
Mənbələrin fikrincə, bu addım Azərbaycan və Pakistanın sıx əlaqələri ilə bağlıdır, çoxtərəfli diplomatiya prinsiplərinə və "Şanxay Ruhu" na ziddir, həmçinin Hindistanın məhdud yanaşmasını nümayiş etdirir.
"AzPolitika" xəbər verir ki, Çinin Tiencin şəhərində Prezident İlham Əliyev Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşündə Hindistanın beynəlxalq təşkilatlarda Azərbaycandan qisas almağa çalışdlğnı bəyan edib.
Xatırladaq ki, Məhəmməd Şahbaz Şərif bu ilin aprel-may aylarında Hindistanın Pakistana qarşı hərbi təcavüzü zamanı Azərbaycanın göstərdiyi siyasi dəstəyə və həmrəyliyə görə Pakistan xalqı və hökuməti adından dövlət başçısına bir daha təşəkkürünü bildirib.

Azərbaycan-Pakistan əlaqələrinin qardaşlığa əsaslandığını deyən dövlət başçısı Pakistanın Hindistan üzərində qələbəsi münasibətilə təbriklərini çatdırıb. Prezident İlham Əliyev ölkəmizin Pakistana göstərdiyi dəstəyə cavab olaraq Hindistanın beynəlxalq təşkilatlarda Azərbaycandan qisas almağa çalışdığını deyib. Bunun ölkəmiz üçün heç bir əhəmiyyət daşımadığını vurğulayan dövlət başçısı qeyd edib ki, Azərbaycan üçün qardaşlıq münasibətləri hər şeydən üstündür.
"AzPolitika.info"

Şərhlər