2025-ci il sentyabrın 1-də ATƏT Nazirlər Şurası tərəfindən ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul olunub.
"AzPolitika" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Bildirilib ki, qərara əsasən, Azərbaycan Prezidenti və Ermənistanın Baş nazirinin ABŞ Prezidentinin dəvəti və iştirakı ilə 8 avqust 2025-ci il tarixində Vaşinqton şəhərində baş tutmuş görüşü çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Fəaliyyətdə olan Sədrinə ünvanlanmış birgə müraciət məktubuna uyğun olaraq, ATƏT-in Minsk Prosesinin, ATƏT-in Fəaliyyətdə olan Sədrinin ATƏT-in Minsk Konfransının məşğul olduğu münaqişə üzrə Şəxsi Nümayəndəsinin və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun fəaliyyətinə 1 sentyabr tarixindən etibarən xitam verilib.
Sözügedən strukturların bağlanmasından irəli gələn təşkilati və texniki məsələlərin 1 dekabr 2025-ci ildən gec olmayaraq yekunlaşdırılması ATƏT Katibliyinə tapşırılıb.
Qərarda həmçinin keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ATƏT çərçivəsində vaxtilə qəbul edilmiş bütün qərarlar qüvvədən düşmüş və etibarsız elan edilib.
Beləliklə, vaxtilə Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması məqsədilə təsis edilmiş sözügedən institutların münaqişənin həlli nəticəsində yaranmış yeni şəraitdə lüzumsuz olması bütün ATƏT iştirakçı dövlətləri tərəfindən qəbul edilərək, həmin institutların bağlanması rəsmiləşdirilib.
Sözügedən qərarın qəbulu, Azərbaycanın vaxtilə işğal edilmiş əraziləri üzərində suveren nəzarətini və ərazi bütövlüyünü bərpa etməsi və bununla da Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulması ilə bağlı reallığın və Azərbaycan tərəfindən irəli sürülmüş sülh gündəliyinin beynəlxalq müstəvidə qəbul edilməsinin göstəricisi olmaqla yanaşı, 8 avqust 2025-ci il tarixli Vaşinqton görüşündə Azərbaycan və Ermənistan arasında normallaşma prosesi ilə əlaqədar əldə edilmiş razılıqların praktiki icrası istiqamətində mühüm addımdır.
Azərbaycan bundan sonra da regionda sülhün və sabitliyin gücləndirilməsi istiqamətində beynəlxalq hüquqa əsaslanan prinsipial və ardıcıl mövqeyini davam etdirəcək.

Şərhlər
1 yanvar 1997-ci ildən 08 noyabr 2020 -ci il tarixinə kimi ATƏT-in Minsk Prosesinə Həmsədrlər qismində ABŞ, Rusiya və Fransa başçılıq etmişlər. Əslində bu qurum ATƏM-in Xarici İşlər Nazirləri Şurasının 24 mart 1992-ci il tarixlində Helsinkidə keçirilmiş görüşündən başlamış (göründüyü kimi, əvvəlki adı ATƏM-in Minsk qrupu olmuşdur) və əsas görəvi də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə, danışıqlar vasitəsilə həllin edilməsi olmuşdur. Nə az, nə çox, düz 28 ildən artıq, belə bir qurumu mənasız yerə yemləmişik. Yəni gəliblər, yeyiblər, içiblər gediblər.
Nəhayyət də bu gün, yəni 1 sentyabr 2025-ci il tarixində ATƏT Nazirlər Şurası tərəfindən ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul olunub. Gözün aydın, Azərbaycan. Bu qərar həm də Azərbaycanın tarixi 8 noyabr qələbəsinin beynəlxalq səviyyədə bir daha tanınması, yəni rəsmiləşdirilməsi deməkdir.