“Ölkədə referendum keçirilməlidir, Türkiyə modelinə uyğun bir sistem yaratmaq olar”
Azərbaycanın tanınmış və nüfuzlu ziyalılarından biri, uzun müddət yüksək dövlət vəzifələrində çalışmış, 4 çağırış Azərbaycan Milli Məclisin üzvü olmuş Vahid Əhmədov “AzPolitika”ya müsahibəsində gündəmin əsas mövzuları – Rusiya - Azərbaycan münasibətlərində baş verən gərginlik, regionda cərəyan edən hadisələr, eləcə də ölkə gündəmi, iqtisadi, sosial problemlər, gözlənilən islahatlar barədə sualları cavablandırıb.
Əvvəli burada: https://azpolitika.info/?p=802398
- Vahid müəllim, Rusiyanın təzyiqlərinin bir istiqaməti də orada çalışan miqrantlara qarşıdır, bu da şübəsiz Azərbaycan üçün həssas məsələdir. Məlumdur ki, Rusiyada yüz minlərlə soydaşımız çalışır və ailələrinə vəsait göndərirlər, həm də kənd təsərrüfatı istehsalçıları məhsullarını bu ölkədəki bazarlara yönəldirlər. Bu təzyiqlər hansı müddətə qədər davam edə bilər?
- Bu proses Prezident İlham Əliyev və Vladimir Putin arasında görüş olanadək davam edəcək. Düzdür, bu yaxınlarda digər dövlət rəsmiləri arasında görüş oldu. Rusiya Baş nazirinin müavini Overçukla Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev Həştərxanda İqtisadi Şuranın toplantısı çərçivəsində bir araya gəldilər. Rusiya tərəfi həm də enerji sahəsində əməkdaşlıq etməyə hazır olduğunu bildirdi.
- Overçuk bu məsələni hətta prioritet kimi qeyd etdi...
- Bəli. Rusiya ilə aramızda gərginlik yaranmamalıdır. Heç kim bunun tərəfdarı deyil. Çünki orada bizim soydaşlarımız var. Onların vəziyyətini başa düşürük və onlara kömək etmək lazımdır. Yekaterinburqda baş verən hadisələr olmamalı idi, təyyarə qəzası ilə bağlı da Rusiya dövlət başçısı və Baş nazir deməli idilər ki, “səhv bizdə olub”, təzminat ödənilməli və bundan sonra heç bir problem yaranmamalı idi. Dövlət başçımız da bunu tələb edir. Rusiya dövlət olaraq öz səhvini boynuna almalı idi.
Bu yaxınlarda diqqət etdinizsə, Sergey Lavrov Alyaskadakı görüşdə SSRİ köynəyi geyinmişdi. Onlar köhnə iddialarından, şovinist düşüncələrindən əl çəkmək istəmirlər. Mən dövlət rəhbərləri və rus xalqının nümayəndələri ilə uzun illər işləmişəm, münasibət qurmuşam. Həmişə onlarla münasibətlərim yaxşı olub və indi də yaxşıdır.
Bu gün ruslar Azərbaycana turist kimi rahat şəkildə gəlib-gedirlər, heç bir problem də yoxdur. Dövlətlərarası münasibətlər uzun müddət belə davam etməyəcək. Yəqin ki, Ukrayna-Rusiya münasibətləri müəyyən qədər sakitləşəndən sonra stabilləşmə olacaq. Mən Rusiyada ötən əsrin 90-cı illərində olmuşam. Sonuncu dəfə isə 2024-cü ildə Qod Nisanovun atası rəhmətə getmişdi, atalarımızın münasibəti çox yaxın olub, mən də o yas mərasiminə qatılmışdım. İki gün Moskvada qaldım, ciddi dəyişiklik gördüm. Əvvəlki Moskvadan əsər-əlamət yox idi...
Bugünkü münaqişə həm Rusiyanın, həm də Azərbaycanın xeyrinə deyil. Rusiya başa düşür ki, Azərbaycan 90-cı illərin ölkəsi deyil. Azərbaycan güclü ordusu ilə seçilir, İsrail ilə yüksək səviyyədə münasibətləri var və texnoloji sahələrdə birgə əməkdaşlıq aparılır. Türkiyə və Pakistanla əlaqələr də çox yüksəkdir. Bütün bunlar Azərbaycan dövlət başçısının səyi nəticəsində mümkün olub və bunu unutmaq olmaz.
- Ölkə daxilindəki mövcud sosial-iqtisadi vəziyyətlə bağlı da suallarımız var. Vəziyyət necədir, nələri müşahidə edirsiz?
- Çox şükür ki, Azərbaycanda sabitlik var. 44 günlük müharibə zamanı ölkənin daxilində heç bir ciddi mənfi proses baş vermədi. Dövlət Təhlükəsizliyi Xidməti (DTX) çox ciddi iş apardı. İstər Daxili İşlər Nazirliyi, istər digər qurumlar olsun, hər hansı təxribata imkan vermədilər. Azərbaycanda 30 minə yaxın erməni var, hər şey ola bilərdi... Lakin biz başa düşməliyik ki, bütün bu görülən işlərin mərkəzində Azərbaycan vətəndaşının maddi vəziyyəti dayanır ki, bu da hələ problem olaraq qalır. Düzdür, müəyyən qədər maaşlar və pensiyalar artırılır, amma bu kifayət deyil.
Ən prioritet məsələ insana iş imkanlarının yaradılmasıdır ki, o səhər evdən çıxanda axşam uşağına çörək gətirə bilsin. Son vaxtlar kəndlərdə boşalma prosesi gedir.
- Bir çox dağ kəndlərində demək olar, yaşayış yoxdur...
- Bəli, rayonları gəzərkən görürəm ki, insanların iş yeri olmadığı üçün şəhərlərə köçməyə məcbur olurlar. Bu sahədə ciddi proqram hazırlanmalıdır. Azərbaycan hökuməti - Nazirlər Kabineti bu sahədə konkret proqramlar yaratmalıdır. Mən bu məsələni bir neçə dəfə Milli Məclisdə də qaldırmışdım və iş yerlərinin açılmasının vacibliyini vurğulamışdım. Dünyada da belədir ki, sənayesi inkişaf etmiş ölkələrdə mədəniyyət də yüksək səviyyədə olur. Sənayeyə diqqət yetirmək lazımdır. Mən zavod direktoru işləyərkən böyük birliyin üç zavoduna rəhbərlik edirdim və orada təxminən 7-8 min adam çalışırdı. Bizdən bölgələrdə zavod filialları açmaq tələb olunurdu. Laçında avtomobil istehsal edəcək bir zavod tikməyə başlamışdım, o, bir neçə il fəaliyyət göstərdi. Qubada da bir filial açmışdım. İndi də sənaye sahəsinə diqqət yetirmək lazımdır. Sumqayıtda müəyyən sənaye zonaları yaradılıb. 2000-ci illərin əvvəllərində İqtisadiyyat naziri ilə görüşdə də dedim ki, Azərbaycanda avtomobil zavodu açaq, pulumuz var. Amma etmədilər. Bilirsiniz, neft gəlirləri bir tərəfdən kömək edir, amma digər tərəfdən də müəyyən sahələrin inkişafının arxa planda qalmasına səbəb olur. Düşünürəm ki, bölgələrdə kənd təsərrüfatı məhsullarının emalı üçün müəssisələr yaradılmalıdır. Məsələn, bu il pomidorun Rusiyaya ixracında problemlər yarandı. Əvvəl Qubada və Xaçmazda 3-4 kiçik emal müəssisəsi var idi. İnsanlar məhsullarını sata bilmədiyi hallarda, emal müəssisələri bu problemi aradan qaldırırdılar. İndi cəmi bir müəssisə var ya, yox... Bu sahələrə diqqət yetirilməli və urbanizasiya proqramları hazırlanmalıdır ki, insanlar şəhərlərə köçməsin, rayonlarda qalsınlar.
Rayonlarda yol çəkilişi, qaz, işıq, su problemləri müəyyən qədər həll olunub. Məsələn, Qonaqkənddə yol çəkilib və ətraf kəndlər üçün şərait yaxşılaşdırılıb deyə insanlar ora köçməyə başlayıblar. Kənd təsərrüfatı ilə məşğul olmaq və idarəetmə sistemində dəyişikliklər aparmaq vacibdir. Gömrük və vergi sistemləri təkmilləşdirilməli və əlçatan olmalıdır ki, insanlar vergilərini rahat ödəyə bilsin. Bahalaşma məsələsi də ciddi diqqət tələb edir. Digər tərəfdən, icra hakimiyyəti sistemi özünü doğrultmadı. 70-dən çox rayonun icra başçılarının fəaliyyəti nəzərdən keçirilməlidir. İqtisadi rayonlar üzrə Prezidentin xüsusi nümayəndəliklərinə ehtiyac var. Bələdiyyələrin statusuna gəlincə, Türkiyə modelinə uyğun bir sistem yaratmaq olar. Mən hesab edirəm ki, Qarabağ məsələsi həll olunduğu üçün bu islahatlara başlanacaq.
- Referendum gözləyirsiniz?
- Referendum olmalıdır. Müəyyən islahatlar aparılmalı, icra hakimiyyəti sisteminin iqtisadi zonalar üzrə nümayəndəliklərlə əvəzlənməsi prosesi həyata keçirilməlidir.
- Bahalıqdan danışdınız. Onun əsas səbəbləri nələrdir?
- Əsas səbəblərdən biri monopoliya ilə bağlıdır. Müəyyən sahələrdə, vergi və gömrük sistemlərində ciddi islahatlara ehtiyac var. Bu islahatlar aparılmalı, insanların bazara çıxışı asanlaşdırılmalıdır. Fermerlərin əsas məqsədi məhsulu istehsal etmək və onu satmaqdır. Lakin bu sahədə böyük problemlər var. Vaxtilə dövlət kooperativ təşkilatlar yaratmışdı. Bu təşkilatlar məhsulu alır, gətirir və satırdı. Məqsəd o idi ki, bazara müdaxilə etmədən məhsulu sata bilsinlər. İndi bir neçə ticarət mərkəzi yaranıb və orada müəyyən sərbəstlik təmin edilməlidir ki, insanlar məhsullarını rahat təhvil verə bilsin. Məsələn, bu il Qubada və Xaçmazda məhsulun satılması ilə bağlı ciddi problemlər yaşandı. Lənkəran, Astara və Gədəbəy zonalarında da kartof satışında problemlər oldu. Bu məsələlər Kənd Təsərrüfatı və İqtisadiyyat nazirliklərinin nəzarətində olmalıdır.
- Keçmiş maliyyə naziri Saleh Məmmədovun qeyd etdiyinə görə, ölkədə iqtisadiyyata investisiyalar 2014-cü səviyyəsində qalıb. O, mərhum Heydər Əliyevin 1970-ci illərdəki investisiya siyasətini nümunə göstərir; daxildə zavodlar tikmək, vəsaitləri xarici banklardan gətirib istehsala yönəltmək və s. Bu təklifi necə qiymətləndirirsiniz?
- Banklarda kredit faizləri yüksəkdir. Əhaliyə verilən vəsaitlərin üç əsas mənbəyi var: birincisi Mərkəzi Bankın ehtiyatları, ikincisi xalqın əmanətləri, üçüncüsü bəzi bankların xarici maliyyə qurumlarından cəlb etdiyi vəsaitlər. Bu gün kreditlər 18–20% civarındadır. Bu faizləri qaytarmaq sahibkarlar üçün böyük problem yaradır. Mərkəzi Bankın sədri Taleh Kazımov bu vəzifəyə təyin olunduqdan sonra islahatlar aparıldı və bir çox problemlər aradan qaldırıldı. İnflyasiyanın qarşısının alınmasında Mərkəzi Bankın rolu böyükdür, manatın məzənnəsi qorunub. Amma bununla belə daxili investisiyalar artırılmalıdır. Azərbaycanın ehtiyatları 60 milyard dollardan çoxdur. Bu vəsaitdən 3–5 milyard manatını aşağı faizlə fermerlərə yönəltmək mümkündür ki, kənd təsərrüfatı inkişaf etsin.
Həmçinin, sənaye sahələri genişləndirilməlidir. Azərbaycan keçmişdə neft maşınqayırması sahəsində inkişaf etmişdi, SSRİ-nin avadanlığının 75%-ni təmin edirdik, 27–28 ölkəyə avadanlıq satırdıq. O avadanlıqlar dünyada yalnız Amerikada, Azərbaycanda və Rumıniyada istehsal olunurdu. Eyni zamanda, bu gün dünya bazarında neftin qiymətinin aşağı salınması prosesi gedir, bu da daxili istehsal və sənaye inkişafına təsir edir. Hesab edirəm ki, daxili islahatlarla - kənd təsərrüfatı ilə sənayeni inkişaf etdirməklə iqtisadiyyatı gücləndirə bilərik.
- Yekunda perspektivi necə görürsünüz, nikbinsiniz, yoxsa?...
- Mən nikbinəm. Çalışıram ki, millət yaxşı yaşasın. Həmişə “uşaq pulu” məsələlərinə və müharibə veteranlarının problemlərinə xüsusi diqqət yetirmişəm. Deputat olan vaxtı mənə deyirdilər ki, nəyə lazmdır bu “uşaq pulu”?! Bu gün Azərbaycanda yalnız 5 uşaqlı ailələrə “uşaq pulu” verilir. Gəlin görək, ölkədə nə qədər ailədə 5 uşaq var? Əksəriyyəti 1-2 uşaqlı ailələrdir. Fikrimcə, bu rəqəmi 3 uşağa salmaq lazımdır. Biz niyə “uşaq pulu” verməyək? Axı bizim özümüz də elə “uşaq pulu” ilə böyümüşük. Müharibə veteranlarına niyə 80 manat verək? 3000-dən artıq şəhidimiz, 12 min qazimiz olub. Onlar da o müharibədə şəhid ola bilərdilər. Ona görə də qazilərlə bağlı məsələlərə həssas yanaşmaq lazımdır. Mənə elə gəlir ki, bu məsələlər tam şəkildə ölkə başçısına çatdırılsa, o bunların hamısını aradan qaldırar.
Elçin Rüstəmli
Elvin Bəyməmmədli
“AzPolitika.info”

Şərhlər
Hörmətli Vahid müəllim, İcra hakimləri əğv edilib, yerinə Prezidentin səlahiyyətli nümayəndəsi adı verilsə, işlər düzələcəkmi ????? Şəkinin İcra Başçısı iş qabiliyyətli olmamasına baxmayaraq 15 ildir ki, Başçı kreslosundan yapışıbdır... 15 il İcra başçısı olar ? deməli həmin rayonu o özəlləşdiribdir, onun dövründə keçirilən seçkiləri nəzərdən keçirsəniz görərsiniz ki, iş qabiliyyəti olmayan adamları təyin edib və onlardan kapital kimi istifadə edir, çox dözülməz bir vəziyyətdədir , Şəki ! Şəki əldən gedib - İcra başçısı o gfündə, dfeputatı o gündə, Bələdiyyəsi o gündə , Ağsaqqalı o gündə , yazıq Şəki ...?
Vahd müəllim sanki ayda oturub .llərdir gözünün qabağında biabırıç kadr təyinatları baş verir. Guya bunu görmür ? Belə halda nə olmalıdır ki?Nazirliklər.Baş idarələr.Komitələr,Bankar təsadüfi adamlarla komplektəşdirlib.Ffaydalı iş göz dəymir.Ölkənin iqtisaiyyatı.maiyyəsi dağıdılır . ...
Təsadüflər və xalq əleyhinə düşünülən bütün sisemlərin özünü doğrultmayacağı elə ilk ildən bəlli oldu.Bəs niyə 30 il davm edir? Azərbaycanda 30 ildir İcra hakimiyyətlrinin büdcə mənimsəmələri,oğurluqları,mənimsəmələri,rüşvət və sair özbaşınalıqlarna göz yumulub....
Azərbaycanda şəffaf seçki moduluna keçirilməli vəistərnümayəndəlik.istər icra hakimləri seçki ilə təyin olunmasa Azərbaycanda işlər düzələn deyil.
Kapital hara sərf edirsə ora "axır", bir ara hamı Şadlıq sarayı tikirdi, çünki sərfəli idi, ində də novostroyka...İqtisadiyyat Nazirliyi elə bir siyasət yeritməlidi ki, hamı kapitalını istehsalata qoysun, hüquq -mühafizə orqanları, yoxlama orqanları da mane olmasınlar....vəssəlam..
Hamı İcra Hakimiyyətlərinin köhnə sistemdən qaldığını deyir, amma heç kim də konkret yeni bir sistem təklif etmir...Prezidentin təyin etdiyi Nümayəndəlikıərin İcra hakimiyyətindən nəsə bir fərqi varmı ? Bunu kimsə araşdırbmı ?
Menim fikrıme göze İqtisadiyyat naziri kend teserrüfatı nazi Vahid müellim kimi gücü istehsalat tecrübesi ola mütexessisleri teyin etmek lazımdır.Bu adamların fikri işde olar korrupsiya dalınca qaçmaqda yıx.
Çox gülməlidir,əsrin əvvəlində bizim sahibkarlar zavod,fabrik açmaqla fəxr edirdilər,indisə bizim sahibkarlar "novostoyka"- ya sahib olmağla fəxr edirlər,hətta hansısa sahibkar hansısa səbəbdən oyundan çıxırsa öz " novostroka"- sını çöldə- çölə başqasına satır,adınıda qoyurlar mmmc- ti,yazığ sakinləri hərifləyib imza atdırırlarki,güya lift i.ləmirdi indi işləyir onagörə bu sənədə imza atın,əslində isə insanlar aldanılır.
Təklif edirəm milli məclisin deputatları siyasətlə yox iqtisadiyətlə və qanunların vaxtında qəbul edib nəzarət etməsilə məşğul olsun,misal üçün bu gün ölkəmizdə 2- 3 mindən yuxarı hündür mərtəbəli binalar tikilib bunların komunal pulunu kənarda kənara qeyri qanunu həmin binanı tikən sahibkar yığır,adi bir misal yaşadığım binada 10000mindən çox komunal yığılr,amma bunlara nəzarət edən yoxdur yaxşı olar hörmətli Vahid müəllim bu baradə yazsın.
Vahid müəllimə verilən sualları umumi şablom formasında cavablandırır,amma bu yaxınlarda arzulamışdı milli məclisə seçilənlər mütləq siyasətçi olmalıdır bax bəlamızda burdan qaynaqlanır,siyasətçi şablomla xalqına cavab verirsə ondan nə siyasətçi olar elə milli məclisin müəyyən deputatları kimi,hərəsi öz kommersiyanın xətrinə şablomlarla sözünü bitirmiş olurlar,amma xalüımız onları çoxdan bitirib.
isra hakimiyyətsistmi yaradıldığ ıilk ildə yararsızlığını dübut etdi.Bu hala 30 il dözməyin mənası qaranlıq deyil?
Heyif, təəssüf, çox-çox təssüf...Ki, Sən tək konfransda..... Ziyalılıq ölüb... Ölkəmizdə artıq "Ziya"anlamı Ziya Məmmədov kimlərin əməllərinə uyğun dərk və həzm edilir. Hələ 20 il niyə və yenə də niyə İHB kimi vəzifədə saxlanılan hər il işdən çıxmaq üçün yalvaran Mənsur Məmmədov demirəm.....