"Futbol bu sahəni bilən, sevən, bacaran, milli təəssübkeşliyi olan insanlara həvalə edilməlidir"

"AzPolitika" xəbər verir ki, bu fikirləri REAL partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərli feysbuk səhifəsində qeyd edib.

O bildirib ki, millimizin baş məşqçisi Fernandu Santuşun maaşı haqqında rəsmi məlumat olmadığını vurğulayıb: "Bu da ölkədə şəffaflığın bərbad olduğunu bir daha sübut edir. Müxtəlif mənbələrdə qazancının 2 milyon avro illik maaş və bonuslar olduğu yazılıb. Onunla 4 illik müqavilə bağlanılıb, deməli, sona qədər qalsa 8-10 milyon arası maaş, qovulsa da, təxminən, bir o qədər təzminat alacaq.

Ölkədə ildə 2 milyon avroya 2-3 yaxşı uşaq futbol məktəbi yaratmaq olar, həmin uşaqlara doğru yanaşma olsa, bir neçə ildən sonra peşəkar futbolçuya çevrilə bilərlər. Hər məktəbdə 100, ümumən 200-300 arası fərasəti olan uşaqlarla doğru məşq keçsələr, onlardan mütləq 11 nəfər millidə oynaya biləcək futbolçu çıxacaq, ən azı, 15-20 nəfər legionar ola biləcək.

Millinin uğur yolu 7-8 yaşlı uşaqların doğru məşçi ilə düzgün tədrisindən başlaya bilər. Bunun üçün Santuşa-mantuşa ehtiyac yoxdur, (açığı, bu gün Millinin zəif oynamasının günahı heç onda da deyil - Santuş nəticəni dəyişə bilməz, çünki, nəticəni yaradan səbəblər ondan asılı deyil) futbol bu sahəni bilən, sevən, bacaran, milli təəssübkeşliyi olan insanlara həvalə edilməlidir. Vəssalam...".