Noyabrın 12-də – Konstitusiya Günündə Azərbaycanda konstitusiya referendumu keçirilə bilər. Bu barədə “AzPolitika”-ya məlumatlı mənbələrdən informasiya daxil olub. Bildirilir ki, ölkənin ərazi bütövlüyü və suverenliyi tam təmin edildikdən sonra hökumət bir sıra sahələrdə, xüsusilə idarəetmə sahəsində ciddi dəyişikliklərə hazırlaşır.
Mənbənin məlumatına görə, ümumxalq müzakirəsinə çıxarılacaq əsas təkliflərdən biri dövlət idarəçiliyi sahəsində yeniliklərlə bağlıdır. Buraya Nazirlər Kabineti və vitse-prezidentlik institutunun səlahiyyətlərinin dəqiqləşdirilməsi, rayon icra hakimiyyətlərinin ləğv edilərək regional idarəçiliyə keçid daxildir. Bu çərçivədə Prezidentin təyin etdiyi xüsusi nümayəndələrin idarə edəcəyi 14 iqtisadi zona üzrə vilayətlərin yaradılması nəzərdə tutulur.
Son illərdə hökumət regional idarəçilik istiqamətində bir sıra addımlar atıb: bəzi nazirliklərin və kommunal qurumların rayon bölmələri ləğv edilərək regional idarələrdə birləşdirilib.
Məlumatda qeyd olunur ki, Milli Məclisin yaz sessiyasında Naxçıvan Muxtar Respublikası Konstitusiyasında aparılan dəyişikliklərlə bağlı bəzi müddəaların da Əsas Qanundan çıxarılması nəzərdə tutulur.
Konstitusiyanın 152-ci maddəsinə görə, dəyişikliklər yalnız referendum yolu ilə təsdiqlənə bilər. Referendumun keçirilməsi üçün təşəbbüs səsverməyə azı iki ay qalmış Prezident və ya Milli Məclis tərəfindən irəli sürülməlidir.
Səsvermənin nəticələri sadə çoxluqla (50%+1) müəyyən olunur. Əgər Konstitusiyaya dəyişiklik edilərsə, referendumun nəticələri Mərkəzi Seçki Komissiyası tərəfindən rəsmi elan edilir və dərc olunur.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər
İcra Hakimiyyətlərinə savadlı , dövlıətini ,xalqını sevən dəyərli kadrlar təyin olunmalıdır ! Elxan Usubov 15 -ildir ki, Şəkini pis günə qoyubdur, onun və tabeliyində olan Kənd İcra Nümayəndəliklərinin fəaliyyətləri ciddi yoxlanılmalı və hüquqi qüiymət verilməlidir . Şəkini tam özəlləşdiriblər, yüksək Pensiya alanları işlə təmin ediblər, ancaq işsiz, savadlı cavanları işlə təmin etmirlər. Şəki İcra Hakimiyyəti və tabeliyində olan kənd icra nümayəndəlikləri və Şəki Bələdiyyəsi "Qocalar Evini" xatırlayır........?
Sanıram, istənilən sahədə Konstitusiya islahatlarına getmək üçün, öncədən islahat komissiyası yaradılmalı və bu islahat komissiyasına ən çox da maliyyə və hüquq sahəsində tanınmış bitərəf mütəxəssislər də daxil edilməlidir (hətda çox illik təcrübəyə malik həm maliyyəçi və həm də hüquqşunas olaraq məsləhət olarsa şəxsimi də o komissiyada görmək istərdim). Komissiya müəyyən bir zaman kəsiyində islahatlar paketini hazırlayıb, ictimayyətin müzakirəsinə vermək üçün, mətbuatda dərc edilməlidir. Ən azı 2 ay bu müzakirələrə vaxt ayrılmalı və cəmiyyətdən gələn təkliflər komissiya tərəfindən dəyərləndirilib, yekun bir qərara varılıb, sonra referenduma gedilməlidir. Zatən biz bu məsələdə çox gecişmişik və mövcud idaretmə sisteminin də hali ortada. İndi 12 noyabra 2 ay 4 gün qalıb. Bu müddətdə dediyimiz işlərin görülməsi qeyri mümkündür. Olsa- olsa yenə də yarımçıq bir şey olacaqdır. Hə bir də, yaxşı olardı o islahat maddələrindən biri də, bu gündən sonra seçgilərə gəlmyən hər bir vətəndaşın ən azından, 50 manat cərimə edilməsi ilə bağlı maddə də yer alardı (razılaşarsınız ki, bu indiki halda büdcə xərclərinin çox olduğu bir vaxt da büdcə gəlirlərinin armasına da nədən olmuş olardı). Ta o zamana kimi ki, insanlar qardaş Türkiyədə olduğu kimi, hər kəs seçgiyə gəlməyi özünün bir nömrəli vəzifəsi hesab etmiş olsun. Elə bilirəm dövlət strukturları tam oturuşub və bu baxımdan da buna getməyin də vaxtı çatıb. İnanırıq ki, Ölkə Başçısı Qarabağda və xarici siyasətdə ortaya qoyduğu əzmi və qətiyyəti nəhayyətdə bu sahədə də ortaya qoymuş olacaqdır. Çünki, indiki vaxt da ölkənin sosial -iqtisadi sahədə ətalətdən çıxması üçün bu çox vacibdir.