Polşanın Baş naziri Donald Tusk bəyan edib ki, bir gecədə Rusiya PUA-larının Polşanın hava məkanına 19 müdaxiləsi qeydə alınıb. Baş nazir əlavə edib ki, onların əhəmiyyətli bir hissəsi Belarusdan uçub.

Tuskun sözlərinə görə, hazırda üç PUA-nın vurulması təsdiqlənib, dördüncüsü isə ehtimal ki, məhv edilib: "İndiyədək üç pilotsuz təyyarənin vurulması təsdiqlənib və çox güman ki, onların sayı artıq dörddür. Onların daha çox olması mümkündür".

Sonuncu PUA səhər saat 6:45-də vurulub. Tusk vurğulayıb ki, hava məkanının pozulması təsadüfi və ya naviqasiya SƏHVİ ilə bağlı deyil - bu dəfə pilotsuz təyyarələr qəsdən Belarus ərazisindən uçurdu: "Bizim bir yaxşı xəbərimiz var: Rusiyanın hərəkətləri nəticəsində ölən və ya itki ilə bağlı məlumat yoxdur. Mən vurğulayıram ki, bu, hələlikdir".

Polşa mediasının hərbi mənbələrə istinadla verdiyi məlumata görə, Polşaya 10 yox, ən azı 23 Rusiya PUA-sı uçub. Prezident Karol Navrotski deyib ki, Polşada Milli Təhlükəsizlik Şurası toplanacaq.

Tusk isə bildirib ki, Polşa NATO müqaviləsinin 4-cü maddəsinin aktivləşdirilməsini istəyib: "Təhlükəsizliyə təhdid yaradan bu pilotsuz təyyarələrin vurulması siyasi vəziyyəti dəyişir. Ona görə də müttəfiqlərin məsləhətləşmələri NATO müqaviləsinin 4-cü maddəsinin aktivləşdirilməsi ilə bağlı rəsmi müraciət formasını aldı".

Tusk əlavə edib ki, Polşanın müharibə şəraitində olduğunu söyləmək üçün heç bir əsas yoxdur, lakin o, İkinci Dünya Müharibəsindən sonra silahlı münaqişəyə ən yaxın vəziyyətdədir.

“AzPolitika.info”