2026-cı ildə Azərbaycanın icmal büdcəsinin gəlirlərinin 44 milyard 825,3 milyon manat, xərclərinin isə 48 milyard 683,1 milyon manat olacağı gözlənilir.

Bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bunlar, 2025-ci ilin təsdiq olunmuş proqnozlarına nisbətən müvafiq olaraq 2 % və 2,2 % çoxdur.

Son nəticədə icmal büdcədə 3 milyard 857,8 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 4,9 % çoxdur. 

2026-cı ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 38 milyard 423 milyon manat, xərclərinin isə 41 milyard 548,6 milyon manat olacağı gözlənilir.

Məlumata görə, bunlar 2025-ci ilin təsdiq olunmuş proqnozlarına nisbətən müvafiq olaraq 0,2 % və 0,3 % çoxdur. Son nəticədə dövlət büdcəsində gələn il gözlənilən ümumi daxili məhsulun 2,3 %-i qədər və yaxud 3 milyard 125,6 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 2,4 % çoxdur.

Proqnozlaşdırılan büdcə gəlirlərinin 42,6 %-i və yaxud 16 milyard 350 milyon manatı neft-qaz sektorunun, 57,4 %-i və yaxud 22 milyard 73 milyon manatı isə qeyri-neft-qaz sektorunun payına düşür.

Proqnozlaşdırılan büdcə xərclərinin isə 24 milyard 771,7 milyon manatının və yaxud 59,6 %-nin cari xərclər, 14 milyard 319,3 milyon manatının və yaxud 34,5 %-nin əsaslı xərclər, 2 milyard 457,6 milyon manatının və yaxud 5,9 %-nin isə dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər olacağı nəzərdə tutulur.