Sentyabrın 25-də Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun rəhbərliyi ilə geniş iclas keçirilib.
“AzPolitika” qurumun mətbuat xidmətinin yayıdığı məlumata istinadla xəbər verir ki, toplantıda 2026-cı il üzrə dövlət və icmal büdcə layihələri, sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, eləcə də 2026-cı il və növbəti üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnozları müzakirə olunub.
“Büdcə sistemi haqqında” Qanuna uyğun olaraq, müvafiq layihələr aidiyyəti qurumlar tərəfindən hökumətə təqdim edilib və iclasda geniş şəkildə nəzərdən keçirilib.
Baş nazir Əli Əsədov giriş nitqində növbəti ilin büdcə layihəsinin əsas parametrləri barədə ətraflı məlumat verib. Daha sonra bir sıra nazirlərin məruzələri dinlənilib Belə ki, Maliyyə naziri Sahil Babayev – dövlət və icmal büdcə layihələri haqqında, İqtisadiyyat naziri Mikayıl Cabbarov iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri barədə, Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev isə Dövlət Sosial Müdafiə Fondu və İşsizlikdən Sığorta Fondunun 2026-cı il büdcələri ilə bağlı danışıblar.
Məruzələrdən sonra Baş nazir qarşıda duran əsas vəzifələri və tapşırıqları iclas iştirakçılarının diqqətinə çatdırıb.
Toplantının yekununda “2026-cı il üzrə dövlət və icmal büdcə layihələri” və “2026-cı il və növbəti üç il üzrə sosial-iqtisadi inkişaf konsepsiyası və proqnozları” barədə sənədlərin “Büdcə sistemi haqqında” Qanunun 12-ci maddəsinə uyğun şəkildə Prezidentə təqdim edilməsi qərara alınıb.
Rasim
“AzPolitika.info”

Şərhlər