Moskvada yaşayan Suriyanın keçmiş prezidenti Bəşər Əsədi zəhərləyiblər.
“AzPolitika” xəbər verir ki, bu barədə Suriya İnsan Haqlarını Müşahidə Qrupu (SOHR) öz mənbələrinə istinadla məlumat yayıb. Qurumdan verilən məlumata görə, həkimlər Əsədi vəziyyətdən çıxarmağa müvəffəq olublar və hazırda onun vəziyyəti stabildir.
Xəbərdə deyilir ki, Əsəd sentyabrın 29-da Moskva kənarındakı xəstəxanadan evə buraxılıb. O, burada olduğu müddətdə yalnız qardaşı Maher Əsəd və prezidentlik işləri üzrə keçmiş baş katib Mənsur Əzzam onunla görüşə bilib.
Əsədi kimin zəhərlədiyi bildirilməsə də, qeyd olunur ki, məqsəd Rusiya rəhbərliyini pis vəziyyətdə qoymaq və keçmiş prezidentin ölümündə Kremli günahlandırmaq olub.
Politoloq Elxan Şahinoğlu isə Kremlin Əsədin fiziki yoxluğunda maraqlı ola biləcəyini qeyd edir
Onun sözlərinə görə, Rusiyanın xüsusi xidmət orqanları həm ölkə daxilində, həm də xaricdə hədəf seçdikləri şəxsləri zəhərləmək təcrübəsinə malikdir. Lakin ekspertin fikrincə, bu hallarda əsasən Kremlə müxalif şəxslər hədəfə alınıb. Halbuki Bəşər Əsəd uzun illərdir ki, Kreml tərəfindən dəstəklənir və siyasi sığınacaqla təmin olunub.
Buna baxmayaraq, politoloq hesab edir ki, Əsəd artıq Kreml üçün yükə çevrilmiş ola bilər. Onun sözlərinə görə, Moskva bir tərəfdən Əsəd və ailəsinə sığınacaq versə də, digər tərəfdən Suriyada onu əvəz edə biləcək Əş-Şaraa hakimiyyəti ilə dialoqa başlayıb və əməkdaşlığı genişləndirmək niyyətindədir.
“Hazırda Suriyanın Baş Qərargah rəisi, general-mayor Əli əl-Naasanın rəhbərlik etdiyi nümayəndə heyəti Moskvadadır. Bu görüşlər Kremlin yeni Suriya rəhbərliyi ilə münasibətləri möhkəmləndirmək istədiyini göstərir. Kreml bu sayədə Suriyadakı hərbi mövqelərini qorumağa çalışır”, – deyə Şahinoğlu bildirib.
Politoloq əlavə edib ki, Rusiya Əsədə yeni hakimiyyətə qarşı bəyanat verməməyi tapşırıb. Lakin Əş-Şaraa hökuməti Əsədin və ailəsinin törətdiyi cinayətlərə görə Suriyaya təhvil verilməsini tələb edir. Bu tələbi yerinə yetirmək istəməyən Kreml, eyni zamanda Əsədin fiziki yoxluğunda maraqlı ola bilər.
Rasim
AzPolitika.info

Şərhlər
Öz millətinə qarşı zalım olanların axırı budur. Rus onun başına bir güllə vuracaq. Ya da hər hansı bir yolla yox edəcək.