Görünür, hətta öz xalqına xəyanət bahasına da olsa, hakimiyyət hərisliyi, siyasi iddia, hikkə elə bir mərəzdir ki, “bir ayağı burda, bir ayağı gorda” olanda da insanı dinc qoymur, 87 yaşı olsa da belə...
Bir neçə gün əvvəl jurnalist adı altında ölkəmizdə təsir agenti və casusluq missiyası yerinə yetirdiyi heç bir şübhə doğurmayan, Kremlin aylardır azad olunması üçün “yaxasını cırdığı” “Sputnik”-in Bakı bürosunun başçısı İqor Kartavıxın həbsdən azad edilərək ev dustaqlığına buraxılması müəyyən mənada məyusluq doğurmuşdu. Ancaq bu gün Ramiz Mehdiyev barədə “dövlətə xəyanət” də daxil olmaqla bir çox ağır maddələr üzrə ilkin məhkəmə qərarının çıxarılması belə təəssürat yaradır ki, “xırda balıqları” buraxıb, ən irilərinin – Mehdiyevin timsalında isə “balina”nın ovlanması mövsümü başlayıb və sözsüz ki, bu siyahı keçmiş PA rəhbəri ilə yekunlaşmayacaq. Hətta istisna etmək olmaz ki, Mehdiyevə qarşı cinayət işində, elə onun kimi ev dustaqlığında olan həmin “Sputnik” başçısının istintaqa verdiyi ifadələr də yer ala bilər...

Əlbəttə, Mehdiyevə qarşı irəli sürülən maddələr onun məhz Rusiya ilə əlaqələrinə işarə edir. Onun zamanında ən çox ziyarət etdiyi Moskvada görüşdüyü əsas persona onunla eyni “statusu” daşıyan - Rusiyanın “boz kardinalı” Nikolay Patruşev olub. Məhz Patruşev Rusiya xüsusi xidmətindəki ən baş, nüfuzlu, təsirli fiqur sayılıb. Yenə də məhz Patruşev “Azərbaycanla Rusiya arasındakı əlaqələrin inkişafında xidmətlərinə görə” Vladimir Putinin sərəncamı əsasında layiq gördüyü “Şərəf” ordenini Mehdiyevə təqdim edib. Elə Mehdiyevə qarşı irəli sürülən “dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər” və “dövlətə xəyanət” maddələrinin də arxasından Rusiyanın, patruşevlərin buynuzu görünür...
İşlədiyi dövr bir yana, hələ 2020-ci ildə PA rəhbəri vəzifəsindən atılandan sonra da Mehdiyev açıq şəkildə Azərbaycanı Rusiya ilə təhdid etməkdən çəkinməyib. 44 günlük Vətən müharibəsindən az öncə Mehdiyev bəyanat yayaraq, onu haqlı olaraq Rusiya ilə əlaqələndirən mətbuatı, ayrı-ayrı siyasi cameə nümayəndələrini, onların timsalında isə Azərbaycanı hədələmişdi: “Onlar öz çıxışlarında tez-tez Rusiyanın adını hallandırmaqla ilk növbədə müstəqil dövlətimiz üçün ciddi problemlər yaradırlar. Onlar faktiki olaraq Rusiyanı ölkəmizin idarəetmə strukturlarında böyük casus şəbəkəsi formalaşdırmaqda ittiham edir, bununla da Moskvadakı bəzi maraqlı dairələrə Azərbaycanı təxribata çəkməyə bəhanə verirlər... Hər kəs verdiyi bəyanatın məna tutumu, onun yaradacağı effekt və doğuracağı təhlükəli problemlər haqqında düşünməlidir. Xüsusilə də Azərbaycanın yerləşdiyi bölgənin geosiyasi həssaslığını nəzərə alsaq, ölkəmizdə verilən bütün siyasi bəyanatlar yüz ölçülüb bir biçilməlidir".
Yəni, adam bizlərə dolayısı ilə “Ağlınızı başınıza yığın, mənimlə işiniz olmasın, Rusiya sizi məhv edər” deyirdi.
Maraqlıdır ki, bu siyasi bəyanatından bir müddət sonra "Rusiya-Ukrayna müharibəsi ilə bağlı vəziyyəti necə şərh edərsiniz" sualına Mehdiyev başqa cür cavab vermişdi: "Mən artıq siyasətlə məşğul olmuram, ona görə də belə suallara cavab verməyəcəyəm". Yəni, Azərbaycanı hədələnmək üçün real siyasi bəyanat verməklə siyasətlə məşğul olan Mehdiyev Rusiyanın Ukraynanı işğalına gələndə, “siyasətlə məşğul olmur”. Çünki bu sualın cavabı Rusiyanın işğalçı olduğunun deyilməsini və Ukraynanın ərazi bütövlüyünün tanınmasını tələb edirdi. Necə ki, ölkə başçısı bunu dəfələrlə bəyan edib. Ancaq Mehdiyev sözsüz ki, belə düşünmədiyi və Rusiyanın maraqlarını qoruduğu üçün bu suala cavab verə bilməzdi...
Onun administrasiyaya rəhbərlik etdiyi dövrdə Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın sədri ola-ola korrupsiya və rüşvətin çiçəklənməsində, ölkədəki siyasi institutların, mətbuatın bərbad duruma salınmasında, icra hakimiyyəti orqanlarında(bir çoxlarının hələ də canından çıxmayan) korrupsiya şəbəkəsinin formalaşmasında, ökədə məddahlar ordusunun yaradılmasında, bununla da dövlətin dayaqlarının sarsıdılmasında müstəsna rolu ilk növbədə Rusiyanın maraqlarına uyğun olub. O Rusiya ki heç zaman güclü dövlətçiliyi, ordusu, normal cəmiyyəti olan Azərbaycanın mövcudluğunda maraqlı olmayıb...
Ancaq əlbəttə ki, Mehdiyev bu işləri təkbaşına görməyib, onun müxtəlif dövlət qurumlarına, zamanında parlamentə yerləşdirdiyi saysız-hesabsız şəxslər var. Mehdiyevlə iş təcrübəsi olan sabiq təhsil naziri Misir Mərdanov mətbuata son açıqlamasında bununla bağlı deyib: "Başqa həbslər də gözləniləndir. Hər kəs onun kimlərlə yaxın əlaqəsinin olduğunu gözəl bilir. Mehdiyevin hansı addımlar atdığı, kimləri vəzifəyə təyin etdiyi, kimlərin arxasında durduğu, hansı şəxsləri dəstəklədiyi məlumdur. Fikrimcə, onlarla bağlı da müəyyən addımlar atılacaq. Düşünürəm ki, vaxtilə onun dəstəyi ilə millətin genefonduna ziyan vuranlar məsuliyyətə cəlb oluna bilər. Onların da layiqli cəza almasının vaxtı çatıb. Bu qədər dözmək olmaz!"
Mərdanovun öz günahlarını bir kənara qoyaq, amma doğrudan da onun Ramiz Mehdiyevin və adamlarının millətin genefonduna ağır zərbələr vurduğu barədə dedikləri tam həqiqətdir. Təkcə “Tərtər işini” qeyd etmək kifayətdir. Azərbaycan Ordusunun Baş Qərargah rəisi işləmiş Nəcməddin Sadıqovun birbaşa Ramiz Mehdiyevin və Rusiyanın adamı olmasına şübhə edənlər yəqin ki, yoxdur. Ona da şübhə edən yoxdur ki, “Tərtər işi”ndə Sadıqov daxil olmaqla, ordumuzun sarsıdılmasına yönələn bu cinayətin iştiraklçılarının başı məhz Mehdiyevə və onu Moskvadakı himayədarlarına bağlanır.
Bir müddət əvvəl mətbuatda Mehdiyevin “Rusiya şəbəkəsi”-nə aid bir neçə sabiq nazirlə toplantılar keçirdiyi barədə məlumatlar yayılmışdı. Bu siyahıda sabiq MTN naziri Eldar Mahmudov və digərləri var. Ümumilikdə isə bu şəbəkə sözsüz ki, hüquq-mühafizə orqanlarından tutmuş orduya, ayrı-ayrı nazirlik və komitələrə qədər bir çox orqanlarda, hətta siyasi dairələrdə öz mövcudluğunu saxlayır. Bu şəbəkəyə hazırda da aktiv şəkildə siyasi şərhlər verən, Mehdiyev yeni vəzifədən atılanda isə "Mehdiyev Azərbaycan tarixində müstəsna rolu olan siyasətçidir və şəxsiyyətdir” deyən “politoloq”dan tutmuş, onunla gizli-aşkar əlaqələrini saxlayan ayrı-ayrı siyasətçilərə qədər bir çoxları daxildir. Görünür, bunların sırasında hansısa hərəkətlilik, hansısa plan hazırlanmasına dair məlumatlar var və bundan irəli gələrək, Mehdiyevə qarşı bu cür ağır ittihamlar irəli sürülüb. Ardınca isə bu şəbəkənin təmizlənməsinə başlanacaq, bir qədər gec olsa da...
Cəlal Məmmədli
“AzPolitika.info”
Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “İctimai və dövlət maraqlarının müdafiəsi" mövzusunda hazırlanmışdır.


Şərhlər
Bizdən olmayanlar bizi talayıb və başqa müxtəlif üsullarla bizi məhv edirlər ay millət
Adnanın Ramizin həbs olunması inandırıcı deyil
Fəzail Ağamalını qınayıram. Ramiz Mehdiyevin ayağı büdrəyən kimi hamı qəhrəman olur. Milli Məclisin iclaslarında bu məsələni səsləndirə bilməzdimi, yoxsa cürdəyi oynayırdı? Uzuntəhlildən və analizdən sonra o qənaətə gəldim ki, Prezidentimiz çox ağıllı, uzaqgörən dövlət adamıdır. Onun xarici siyasətinə heç kim irad tuta bilməz. Gəlin etiraf edək, ölkənin daxili heç də xoşagələn vəziyyətdə deyil. Korrupsiya, rüşvət baş alıb gedir, burada da tarazlıq pozulur və onun gördükləri bütün işlərin üzərinə kölgə düşür. Gələk əsərin baş qəhrəmanı Ramiz Mehdiyevə. Tam səmimiyyətlə deyim ki, dövlət qulluğunda olan dövrdə də onu heç cürə qəbul edə bilməmişəm. Bu adam qeyri-rəsmi dövlət başçısı imici yaratmışdı. Hüzr məclisində mən də iştirak etdiyim zaman salonda səs-küy yarandı. Vəziyyətin nə yerdə olduğunu anlayana kimi xəbər yayıldı ki, Ramiz Mehdiyev gəlir. Zalda nə qədər adam var idisə (nazirlər, komitə sədrləri, idarə rəisləri) hamısı ayağa qalxdı, o, gedib yerində oturana qədər 5-10 adamı çıxmaq şərti ilə hamı ayaq üstə qaldı. Ramiz Mehdiyev oturandan sonra hamı yerində oturdu. “Yasına yığımuş ölü də bu mənzərəyə mat qaldı”. ALLAH şahiddir ki, yazdıqlarım həqiqətdir. Bir daha qayıdaq əsərin baş qəhrəmanına. Ötən əsrin 90-cı illərində Parlamentin iclasında deputat Tahir Kərimli rəhmətlik Heydər Əliyevə xitabən dedi ki, Heydər müəllim, vaxtı ilə binların gözünün odunu elə almısınız ki, bu gün də deputatlar o qorxunu öz üzərlərində hiss edirlər. Bəli, Ramiz Mehdiyev bu məmurların gözünün odunu elə alıb ki, vəzifədə olan məmurlar bu gün də ondan çəkinirlər, bir çoxları bu gün də ona qulluq edirlər. Dəfələrlə qeyd etmişəm ki, Prezident Administrasiyasının bir çox vəzifəli (kifayət qədər layiqli kadrlar da var) şəxsləri bu gün də Ramiz Mehdiyevin kurasiyasındadır, daha doğrusu ona qulluq edirlər. Ölkə başçısı süpürgəsini işə salmasa hələ çox Ramiz Mehdiyevlər meydana çıxacaq. DTX-nın belə məsələlərin araşdırılmasında rolu əvəzsizdir. Bir sual ortaya çıxır, necə oldu ki, Ramiz Mehdiyev faktoru Rusiya-Azərbaycan münasibətlərinin pisləşdiyi fonda ortaya çıxdı. O fikirdəyəm ki, Putin İlham Əliyevlə münasibətlərə istilik gətirsin deyə Ramiz Mehdiyevi qurban verdi. Əgər Ramiz Mehdiyev ən murdar işlərin başında durursa, ondan tərbiyə almış övladları nə cür dövlətə xidmət edə bilərlər? Teymur Mehdiyev Kəmaləddin Heydərovun müavinidir (guya Kəmaləddin Heydərov bilmir ki, Ramiz Mehdiyev hansı yuvanın quşudur). Bu Teymur Mehdiyev hansı ağılın sahibidir ki, 2004-2006-cı illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini, 2006-2011-ci illərdə Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini, 2011-2014-cü illərdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini, 2014-cü il 5 may tarixindən isə Fövqəladə Hallar nazirinin müavinidir, digər oğlu Ülvi Mehdiyev isə öncə Prezident Administrasiyasının hüquq mühafizə şöbəsinin əməkdaşı olmuş, daha sonra ASAN xidmətin rəhbəri təyin edilmişdir. Bu qeyd etdiklərim jurnaldı, kinosu ardınca gəlir. Cənab Prezident bu məsələlərə aydınlıq gətirməsə bizi “işıqlı gələcək” gözləyir.