Sumqayıtda iki aylıq körpəni oğurlamaqda təqsirli bilinən qadın məhkəmə qarşısına çıxarılıb
Bakı Ağır Cinayətlər Məhkəməsində azyaşlı uşağın oğurlamaqda təqsirli bilinən Xırda Babayevanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Lent.az-ın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.
Daha sonra zərərçəkmişlər və şahidlər ifadə verib. Prosesdə ifadə verən polis əməkdaşları əməliyyatın keçirilməsi barədə danışıblar. Onlar qeyd ediblər ki, əməliyyatın keçirilməsi ilə bağlı Xırda Babayevanın yaşadığı mənzilə gəliblər.
Əməliyyatçıların sözlərinə görə, mənzili açan qadın onları içəri buraxmaq istəməyib, amma məcbur içəri giriblər. Polis əməkdaşlarının bildirdiyinə görə, uşağı həmin mənzilin yataq otağında tapıblar.
Daha sonra taksi sürücüsü Anar Yusifov ifadə verib. O, bildirib ki, Sumqayıt şəhərindən bir qadını Bakı şəhərinə gətirib. Taksi sürücüsünün sözlərinə görə, həmin qadının qucağında uşaq olub və qadın avtomobildən tələm-tələsik düşüb.
Xırda Babayeva səslənən ittihamların uydurma olduğunu deyib. Onun sözlərinə görə, uşağın anası ilə parkda tanış olub: “Həmin qadın uşağına baxa bilmədiyini dedi. Qadın anasının xəstə olduğunu, ərinin uşaqlara baxmadığını bildirib. O, uşağı pul müqabilində mənə satıb”.


Şərhlər