Rusiyanın Çelyabinsk vilayətinə bağlı Kopeysk şəhərində yerləşən bir zavodda çərşənbə günü baş verən partlayış nəticəsində dörd nəfər həyatını itirib, beş nəfər isə yaralanıb. Yaralıların vəziyyətinin ağır olduğu və onların xəstəxanaya yerləşdirildiyi bildirilir.

Hadisə yerinə bütün təcili yardım və xilasedici qruplar cəlb olunub, xüsusi idarəetmə mərkəzi yaradılıb. Rəsmilərin məlumatına görə, şəhər sakinləri və mülki şəxslər üçün hazırda təhlükə yoxdur.

Partlayışın səbəbi hələlik dəqiqləşdirilməyib. Rəsmilər hadisənin pilotsuz uçuş aparatı hücumu nəticəsində baş verdiyinə dair məlumatların təsdiqlənmədiyini, məsələ ilə bağlı istintaqın davam etdiyini bildiriblər.

Rus mətbuatının yazdığına görə, partlayışın baş verdiyi müəssisədə plastik məhsullar istehsal olunurdu. Hadisə nəticəsində göyə qalxan qalın tüstü uzun müddət şəhərin üzərini bürüyüb.

"AzPolitika.info"