Azərbaycanda yetkinlik yaşına çatmamış qızını qaçıran şəxs tutulub.
APA-nın məlumatına görə, hadisə Masallı rayonunda qeydə alınıb. Masallı rayon sakini, orta məktəb şagirdi (Ə. G) naməlum şəxs tərəfindən qaçırılıb. Bu barədə polisə məlumat daxil olan kimi dərhal əməliyyat qrupu yaradılıb. Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən Bəhruz Rəhimov Bakı şəhərinə qaçarkən yolda saxlanılıb. Qız ailəsinə təhvil verilib.
Məlumata görə, qaçırılan qız Daşkəsən rayon İcra Hakimiyyəti başçısı Əhəd Abıyevin qohumudur.
Masallı Rayon Polis Şöbəsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, faktla bağlı araşdırmalar davam etdirilir.
* * *
Məsələni araşdırmaq üçün ANS PRESS-in bölgə müxbiri Əhəd Abıyevin qardaşı, Masallı rayon icra başçısının birinci müavini Nadir Abıyevlə əlaqə saxlayıb. Nadir Abıyevin ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, qaçırılan qız onların qohumu deyil. Onun yaxından-uzaqdan onların ailəsilə heç bir bağlılığı yoxdur.
Nadir Abıyev bildirib ki, qaçırılan qızın qohumu Masallı rayon İcra Hakimiyyətinin işçisidir.
Masallı rayon polis şöbəsindən ANS PRESS-in bölgə müxbirinə verilən məlumata görə, qaçırılan qızın 16 yaşı olub. Qızı qaçıran 1985-ci il təvəllüdlü Bəhruz Rəhimov polis tərəfindən saxlanılıb. O, bildirib ki, qızı evlənmək məqsədilə qaçırıb.
Qız hazırlığa gedərkən qaçırılıb.
Faktla bağlı araşdırma aparılır.


Şərhlər