Xəbər verdiyimiz kimi, AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyevin keçmiş köməkçisi Eldar Əmirov barəsində istintaq orqanlarının təqdimatı əsasında 4 ay həbs qətimkan tədbiri seçilib. Qeyd olunur ki, onun barəsində dövlətə xəyanət və dövlət çevrilişinə cəhd ittihamları irəli sürülüb.

Qeyd edək ki, Ramiz Mehdiyev də Cinayət Məcəlləsinin eyni müddəaları ilə ittiham olunub. Onun barəsində Səbail Rayon Məhkəməsi 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçib.

“AzPolitika”nın əldə etdiyi məlumata görə, Eldar Qurban oğlu Əmirov 1985-ci ildə Bakıda doğulub, valideynləri isə əslən Ordubad rayonundandır. O, Bakı Slavyan Universitetinin məzunudur və daha sonra həmin ali məktəbdə müəllimlik edib.

Məlumata görə, onu Ramiz Mehdiyevə yaxınlarından biri təqdim edib. Slavyan Universitetində işləməsi və bəzi "keyfiyyətləri" Ramiz Mehdiyevin diqqətini cəlb etmiş, nəticədə onu öz köməkçisi seçmişdi. Ramiz Mehdiyev AMEA prezidenti vəzifəsini tutduqdan sonra, Əmirovu AMEA Rəyasət Heyəti Katibliyinin rəisi təyin etmişdi.


Daha sonra Eldar Əmirov Prezident yanında Dövlət İdarəçilik Akademiyasının doktorantı olub və doktorluq dissertasiyasını müdafiə etməyə hazırlaşırmış. Ancaq Mehdiyev işdən çıxarıldığından və himayəsini itirdiyindən bu niyyətini reallaşdıra bilməyib.

2022-ci ilin fevral ayında Yasamal Rayon Məhkəməsi tərəfindən Eldar Əmirov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi üzrə (polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq) təqsirləndirilərək 30 sutka həbs qərarı çıxarılıb.

AMEA mətbuat xidməti isə o vaxt açıqlama verərək, Eldar Əmirov ilə Ramiz Mehdiyevin arasında qohumluq əlaqəsi olduğu barədə yayılan iddiaların doğru olmadığını bildirmişdi.

"AzPolitika.info"

***

AMEA katibliyinin keçmiş rəisi, Ramiz Mehdiyevin köməkçisi vəzifəsində çalışan Eldar Əmirov həbs olunub. Bununla bağlı məhkəmə qərar verib.

Səbail Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, E.Əmirov R.Mehdiyevin Prezident Administrasiyasının rəhbəri olduğu son vaxtlara kimi onun köməkçisi qismində fəaliyyət göstərib.