“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin (AzTV) fəaliyyətində dövlət vəsaitlərinin və əmlakın idarə olunması zamanı nöqsanlar müəyyən edilib.
“AzPolitika” xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin layihəsinə Hesablama Palatasının rəyi”ndə qeyd olunub.
Sənəddə bildirilir ki, audit nəticəsində AzTV-də əmək müqaviləsi ilə işləyən əməkdaşlara ödənilməli olan vəsaitlərin qonorar adı ilə rəsmiləşdirildiyi aşkarlanıb. Ümumi məbləğ 26 milyon manat təşkil edir - bunun 11,3 milyonu 2023-cü ildə, 11,6 milyonu 2024-cü ildə, 3,1 milyonu isə 2025-ci ilin ilk rübündə ödənilib.
Hesablama Palatası vurğulayıb ki, bu praktika əmək münasibətlərinin mülki-hüquqi münasibətlər kimi yanlış təsnif edilməsinə, Əmək və Vergi Məcəllələrinin tələblərinə zidd halların yaranmasına gətirib çıxarıb.
Nəticədə məcburi sosial ayırmalar tam şəkildə tutulmayıb, bu da AzTV işçilərinin sosial təminat hüquqlarının məhdudlaşdırılması ilə nəticələnib.
Palata bu halları dövlət vəsaitlərinin idarə edilməsində ciddi maliyyə intizamı pozuntusu kimi qiymətləndirib və müvafiq tədbirlərin görülməsini zəruri sayıb.
“AzPolitika.info”


Şərhlər