Ukrayna kəşfiyyatı Pokrovskda gedən döyüşlərin kadrlarını yayıb.
“AzPolitika” xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (ГУР МО) Donetsk vilayətinin Pokrovsk şəhərində davam edən döyüşlərə dair yeni video materialları ictimsaiyyətə təqdim edib. Kadrlarda Ukrayna Müdafiə Qüvvələrinin əməliyyatı əks olunur. Şəhərin bir hissəsi hələ də Rusiya ordusunun nəzarəti altındadır.
Videoda vertolyotdan desant qüvvələrinin enişi, dron vasitəsilə rus hərbçilərinin məhv edilməsi, tank döyüşləri və xüsusi təyinatlı döyüşçülərin bədən kamerası görüntüləri yer alıb. Kadrlarda həmçinin Ukrayna hərbi kəşfiyyatının komanda məntəqəsindən səhnələr göstərilir.
Səhər saatlarında Ukrayna hərbi kəşfiyyatı açıqlama yayaraq bildirib ki, Pokrovskda bir neçə mühüm mövqeni ələ keçirən xüsusi təyinatlılara artıq yerüstü dəhliz açılıb və əlavə qüvvələr bölgəyə daxil olub.
Hazırda şəhərdə şiddətli döyüşlər gedir. Əməliyyatın məqsədi Rusiya ordusunun cənub istiqamətindəki logistik təchizatını zəiflətmək və onların atəş nəzarət zonasını daraltmaqdır.
Baş Kəşfiyyat İdarəsi bildirib ki, əməliyyat hələ davam edir və təhlükəsizlik səbəbilə bütün detalları açıqlamaq mümkün deyil. Bununla belə, yayımlanan görüntülər Ukrayna qüvvələrinin müttəfiq strukturlarla koordinasiyalı fəaliyyətini və Pokrovsk istiqamətindəki döyüşlərin intensivliyini nümayiş etdirir.
Rasim
“AzPolitika.info”


Şərhlər