İrlandiyada kənd həyatını canlandırmaq məqsədilə yeni proqram başlayıb. Belə ki, hökumət ölkənin qərb və şimal sahillərində yerləşən izolyasiya olunmuş adalarda boş və ya tərk edilmiş evlərin yenidən istifadəyə verilməsi üçün vətəndaşlara 84 min avroya qədər maliyyə dəstəyi təklif edir.
İrlandiya Kənd İnkişafı Nazirliyinin məlumatına görə, proqram adalarda əhalinin azalmasının qarşısını almaq, yerli iqtisadiyyatı gücləndirmək və davamlı yaşayış şəraiti yaratmaq məqsədi daşıyır. Layihə ölkənin 30-dan çox ada yaşayış məntəqəsini əhatə edir.
Proqram çərçivəsində boş evlər üçün 60 min avroya, tamamilə dağılmış və ya baxımsız evlər üçün isə 84 min avroya qədər qrant veriləcək. Bu vəsait təmir, bərpa, izolyasiya və enerji səmərəliliyinin artırılması işlərinə yönəldiləcək.
Layihə daha əvvəl ölkə üzrə tətbiq edilən “Boş Mənzillərin Bərpası Qrantı” proqramının adalara uyğunlaşdırılmış versiyası sayılır. İrlandiya hökuməti bu təşəbbüslə yerli icmaların dirçəldilməsini, turizmə əsaslanan məşğulluğun artırılmasını və mədəni irsin qorunmasını hədəfləyir. Mütəxəssislər isə bu proqramı Avropada kənd həyatına dönüşün simvolu kimi qiymətləndirirlər.
"AzPolitika.info"

Şərhlər