Suriya Prezidenti Əhməd Şara ABŞ Prezidenti Donald Trump ilə Ağ Evdəki görüşdən sonra ilk dəfə açıqlama verib.
O, Suriya–ABŞ münasibətlərində “yeni strategiya” dövrünün başladığını və ölkəsinin uzun müddətli izolyasiyadan çıxdığını bildirib.
Şara həmçinin ABŞ tərəfindən tətbiq olunan sanksiyaların tamamilə qaldırılması məsələsinin masada olduğunu və Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasında özünə və bəzi suriyalı rəsmilərə qarşı qoyulan məhdudiyyətlərin aradan götürülməsinin lazım olduğunu bildirib.
İsrail mövzusuna da toxunan Şara, hazırda İsrail ilə birbaşa danışıqlara başlamayacaqlarını, lakin Prezident Trampın belə bir dialoqa kömək edə biləcəyini söyləyib. O, Suriyanın Qolan Tepələri üzərindəki mövqeyini xatırladaraq 1967-ci ildən bəri davam edən işğala diqqət çəkib. Şara həmçinin Suriya hökumətinin Abraham Sazişlərinə qoşulma ehtimalının olmadığını da bildirib.
Əhməd əş-Şəraa “Fox News” telekanalına müsahibəsində 2001-ci ilin 11 sentyabrında baş verən terror aktları ilə hər hansı əlaqəsinin olmadığını bəyan edib.
Əş-Şəraa bildirib ki, həmin dövrdə nə “əl-Qaidə” onun regionunda fəaliyyət göstərirdi, nə də özü hansısa siyasi qərar qəbul etmək səlahiyyətinə malik idi:“Mən o vaxt cəmi 19 yaşında gənc idim və heç bir qərar qəbul etmək səlahiyyətim yox idi. Həmin hadisələrlə heç bir əlaqəm olmayıb. O zaman “əl-Qaidə” bizim bölgədə ümumiyyətlə mövcud deyildi”.
Suriya prezidenti, həmçinin vurğulayıb ki, onun radikal qruplarla olan bütün əlaqələri “keçmişdə qalıb”.
Əhməd əş-Şəraa 2003-cü ildə ABŞ-ın İraqa müdaxiləsindən sonra “əl-Qaidə”nin tərkibində döyüşüb. 2011-ci ildə isə o, “Cəbhət ən-Nusra” adlı silahlı qruplaşmanı yaradıb. Bu qruplaşma 2017-ci ildə adını “Həyyat Təhrir əş-Şam” olaraq dəyişib və həmin il “əl-Qaidə” ilə əlaqələrini kəsdiyini elan edib.
Elə həmin 2017-ci ildə ABŞ Federal Təhqiqatlar Bürosu (FBI) Əhməd əş-Şəraa haqqında məlumat verənlər üçün 10 milyon dollarlıq mükafat təyin etmişdi.
Əhməd əş-Şəraa noyabrın 9-da Vaşinqtona səfər edib və ertəsi gün ABŞ prezidenti Donald Tramp ilə görüş keçirib. Görüşdə iki ölkə arasında terrorizmlə mübarizədə birgə fəaliyyət planı müzakirə olunub.
"AzPolitika.info"

Şərhlər