Bu gün səhər saatlarında 90 sərnişin və beş heyət üzvünü daşıyan "Rossiya Hava Yolları"na aid təyyarə Xabarovskda təcili eniş edib.

“AzPolitika” xəbər verir ki, Rusiya mediasının yazdığına görə, Vladivostokdan Blaqoveşçenskə uçan təyyarənin korpusunun bir hissəsi uçuş zamanı qopub. Yayılan videodan görünür ki, sağ mühərrikin metal hissələri havadaca qoparaq düşüb. Bu, Rusiya istehsalı olan SSJ100 (Sukhoi Superjet) təyyarəsi olub.

Uzaq Şərq Nəqliyyat Prokurorluğu təyyarənin "texniki nasazlığı" barədə məlumat verib və bu, onun saat 9:00-da Xabarovskda təcili eniş etməsinə səbəb olub.

"Primorski Nəqliyyat Prokurorluğu təyyarənin uçuşa hazırlığı zamanı Vladivostok Hava Limanındakı texniki xidmətləri qiymətləndirəcək", - deyə nəzarət qurumu bildirib.

Sərnişinlərə Vladivostokda eyni tipdən olan ehtiyat təyyarə təklif olunub. Lakin bəziləri nasaz təyyarəyə bir daha minmək niyyətində olmadıqlarını və Blaqoveşçenskə özləri yola düşəcəklərini bildiriblər.

“AzPolitika.info”