2026 Dünya Kuboku üzrə seçmə mərhələnin F qrupunda İrlandiya 3:2 hesabı ilə Macarsıtana qalib gələrək pley-offda iştiraka haqq qazanıb. Macarıstan isə turnirə dramatik şəkildə əlvida deyib.
Lakin matçın önünə keçən əsas hadisə macar futbolçu Dominik Szoboslainin rəqibi ələ salan qol sevinci olub.
Puskas Arenada baş tutan qarşılaşmada Macarıstanın pley-off üçün heç-heçə etməsi kifayət edirdi. Matçın ilk qolu 3-cü dəqiqədə gəldi – Daniel Lukas meydan sahiblərini 1:0 önə keçirdi. 15-ci dəqiqədə isə Troy Parrott penaltidan hesabı bərabərləşdirdi. Barnabaş Varqa 50-ci dəqiqədə Macarıstanı yenidən önə çıxardı. Bu qoldan sonra kapitan Dominik Szoboslai rəqiblə istehza edən bir jest edərək rəqibi ələ salan qol sevinci göstərdi. Sosial şəbəkələrdə geniş tənqid olunan bu an, sanki oyunun taleyini dəyişdi.
80-ci dəqiqəyə qədər Macarıstan 2:1 öndə idi və pley-offa doğru irəliləyirdi. Lakin İrlandiya mübarizəni buraxmadı. Əvvəlcə Parrott 80-ci dəqiqədə hesabı 2:2 etdi. Daha sonra 90+6-cı dəqiqədə yenidən səhnəyə çıxaraq matçın final nəticəsini müəyyənləşdirdi – 3:2.
Meydanda rəqibi ələ salan jesti ilə tənqid hədəfinə çevrilən Szoboslainin isə final fitindən sonra yerə çökərək ağladığı anlar kameraların diqqətindən yayınmadı.
"AzPolitika.info"

Şərhlər