"Hollivud"un tanınmış prodüser şirkətlərindən biri olan "Warner Bros. Entertainment Inc" "Fənərbaxça" klubunun futbolçusu Kərəm Aktürkoğlunu məhkəməyə verib.

"AzPolitika" Türkiyə mətbuatına istinadla xəbər verir ki, buna səbəb Kərəmin qol sevinci olaraq "Harri Potter" personajını təqlid etməsi olub.

 Şirkət İstanbul Əqli və Sənaye Mülkiyyət Məhkəməsinə etdiyi müraciətdə ictimaiyyətə "Harri Potter", "Hoqvarts" və "Qriffindor" kimi bir çox terminin Türkiyədə Türkiyə Patent və Ticarət Nişanları İdarəsində qeydiyyatdan keçdiyini xatırladıb.

Şirkət bu ticarət nişanlarının yalnız kitab və filmlərlə məhdudlaşmadığını, həm də qlobal miqyasda tanındığını və yüksək kommersiya dəyərinə malik olduğunu vurğulayıb. Ərizədə ticarət nişanının qeydiyyatı haqqında məlumat məhkəməyə cədvəl şəklində təqdim edilib və futbolçunun paylaşımlarında bu ticarət nişanlarına açıq şəkildə istinad etdiyi bildirilib.

"Warner Bros" bu elementin icazəsiz istifadə edildiyini və həm müəllif hüquqları, həm də ticarət nişanı pozuntusu təşkil etdiyini iddia edib.

"AzPolitika.info"