Müğənni Samirə Əfəndinin Astanada keçirilən beynəlxalq musiqi müsabiqəsinin finalında Ermənistan nümayəndəsinə 12 bal verməsi, bu azmış kimi daha sonra onunla ən doğma adamı kimi qucaqlaşması ilə bağlı açıqlaması onu daha çox ictimai qınaq obyektinə çevirib.

Şəhidlərimizin qanı hələ qurumamış, ermənilərin törətdikləri vəhşiliklərin, soyqırımların dəhşəti gözümüzün önündən hələ getməmiş bir Azərbaycan xanımının ermənini qucaqlaması və sonra da üzr istəmək əvəzinə özünə bəraət qazandırmğa çalşışması, az qala "yaxşı eləmişəm" deməsi  təbii ki, narazılıq  yaradır. 

Onun prodüser Tarix Əliyevin (Tolik) “Tarixin bir günü” verilişində işlətdiyi ifadələr də birmənalı qarşılanmayıb.

"Mən orada gedib düşmənçilik apara bilməzdim. Hələ özünüz də deyirsiniz ki, mən orada təkəm. Bəs mənim tək başıma orada oyun açsaydılar?! Qazaxıstan səhralıqdır. Öldürüb atacaqdılar, adını da qoyacaqdılar ki, avtoqəza olub. Kimin xəbəri olacaqdı? Kim mənə yiyəlik edəcəkdi?!", - o açıqlamasında qeyd edib.

Özünü "qazi qızı" olaraq təqdim edən Samirə Əfəndinin "ermənilərdən qorxduğunu" ehtiva edən bu açıqlaması isə onun üzrünü günahından betər duruma salıb. 

"AzPolitika.info"