ABŞ Ukrayna üçün uzunmüddətli təhlükəsizlik zəmanətlərini müzakirə etməyə hazırdır, lakin bu, yalnız sülh müqaviləsi bağlandıqdan sonra baş tuta bilər.
“AzPolitika” xəbər verir ki, məlumatlı mənbələrin “Politico”-ya verdiyi məlumata görə, ABŞ Dövlət katibi Marko Rubio bu mövqeyi Avropa müttəfiqlərinə çatdırıb. Rubio Donald Trampın yalnız daha sonra Kiyev üçün təhlükəsizlik zəmanətləri ilə bağlı danışıqlar aparacağına zəmanət verib. Mənbələrdən biri əlavə edib ki, Dövlət katibi sülh müqaviləsi bağlandıqdan sonra həll edilməli olan bir neçə başqa məsələni də qeyd edib. Avropalılar bunları Ukraynanın ərazi bütövlüyü və dondurulmuş Rusiya aktivləri kimi şərh ediblər.
Qeyd edək ki, noyabrın ortalarında ABŞ Ukraynaya sülh planının layihəsini təqdim edib. Onun 28 bəndindən biri Kiyevin etibarlı təhlükəsizlik zəmanətləri almasını tələb edirdi. Trampın sözlərinə görə, Vaşinqton və Kiyev nümayəndələri arasında Cenevrədə aparılan danışıqlardan sonra sənəd 22 bəndə qədər qısaldılıb. ABŞ administrasiyası tərəflərin yalnız bir neçə bənddə fikir ayrılığının olduğunu bildirib.
Ukraynanın yüksək vəzifəli mənbəsinin CNN-ə verdiyi məlumata görə, Kiyev sülh planının üç əsas bəndini rədd edib. Ukrayna Donbasın işğal olunmamış hissəsini Rusiyaya təhvil vermək, ordusunu 600 min əsgərlə məhdudlaşdırmaq və ya NATO-ya qoşulmamaq tələblərilə razılaşmır.
“AzPolitika.info”


Şərhlər