Menu

AVROPADA SOSİAL PARTLAYIŞ... - Etirazların arxasında kim dayanır?

19.10.2026, 19:20
AVROPADA SOSİAL PARTLAYIŞ... - Etirazların arxasında kim dayanır?

Avropanın bir sıra ölkələrində, Fransa, İtaliya, Albaniya və Belçikada etiraz aksiyalarının keçirilməsi qitədə sosial narazılığın və siyasi gərginliyin artması ilə bağlı müzakirələri gücləndirib. Yaşayış xərcləri, iqtisadi çətinliklər, hökumətlərin siyasətindən narazılıq və müxtəlif sosial tələblər fonunda başlayan aksiyaların hansı miqyas alacağı diqqət mərkəzindədir. Bəzi ölkələrdə etirazçıların siyasi tələbləri ön plana çıxarması isə mövcud hökumətlərin gələcəyi ilə bağlı suallar yaradır.

Bəs Avropada etiraz dalğası genişlənərək hakimiyyət dəyişikliyinə səbəb ola bilərmi? Baş verənlər sırf sosial narazılığın nəticəsidir, yoxsa bu proseslərdən siyasi məqsədlər üçün istifadə edən daxili və xarici qüvvələr də var?

Fransada hökumətə qarşı etirazlar böyüyür: Nitsada toqquşmalar başladı - Video

Mövzu ilə bağlı "Azpolitika"ya açıqlama verən politoloq Elçin Xalidbəyli bildirib ki, Avropa məkanında sabitlik və əmin-amanlıq dövrü tədricən sona çatmağa başlayır: "Çünki Avropa ölkələri qarşısında artıq yeni problemlər yaranır. Hazırda bir sıra Avropa dövlətlərində baş verən kütləvi etiraz aksiyalarının əsas səbəbləri daha çox sosial-iqtisadi böhranla bağlıdır. Uzun illər Avropa ölkələri öz əhalisinin sosial rifahını qoruyub saxlaya bilirdi. Xüsusilə, Fransa müstəmləkəçilik siyasəti nəticəsində əldə etdiyi imkanlardan yararlanaraq iqtisadi və sosial vəziyyətini tənzimləyirdi. Lakin son illərdə Fransa Afrikadakı keçmiş təsir imkanlarını və mövqelərini bir-birinin ardınca itirməyə başlayıb. Afrika ölkələri Fransanın təsirindən uzaqlaşır və Paris həmin regiondakı mövqelərini qorumaqda çətinlik çəkir. Bu proses Fransanın həmin ölkələrin təbii sərvətlərindən faydalanmaq və onları öz iqtisadiyyatının inkişafına yönəltmək imkanlarını da məhdudlaşdırır. Alternativ xammal mənbələrinin tapılması və təminatının həyata keçirilməsi isə hələlik asan başa gəlmir. Nəticədə Fransada iqtisadi çətinliklər artır, böhran dərinləşir və Prezident Emmanuel Makronun siyasətinə qarşı kütləvi etirazlar daha geniş miqyas alır. Eyni zamanda, Belçika və İtaliyada da sosial xarakterli problemlər ön plana çıxır. Bu ölkələrdə narazılıqların əsas səbəblərindən biri əhalinin sosial rifah səviyyəsinin aşağı düşməsi, yaşayış xərclərinin artması və insanların gündəlik həyat şəraitinin ağırlaşmasıdır. Albaniyaya gəldikdə isə, ölkə rəhbərliyi sosial-iqtisadi problemlərin mövcudluğunu etiraf etsə də, etiraz dalğasının arxasında Rusiyanın dayana biləcəyi iddia olunur. Rəsmi Tirananın yanaşmasına görə, Rusiyanın xüsusi xidmət orqanları Albaniyada hakimiyyət dəyişikliyinə nail olmaq məqsədilə mövcud sosial problemlərdən istifadə edərək ölkədə ictimai narazılığı artırmağa çalışırlar. Bununla belə, bu iddiaların müstəqil sübutlarla təsdiqlənməsi məsələsi ayrıca qiymətləndirilməlidir".

Fransada iğtişaşlar: Ölənlər var, 17 yaşlı qız gözünü itirdi - Foto/Video

Ekspertin sözlərinə görə, ümumi mənzərə onu göstərir ki, Avropada etirazlar davamlı xarakter ala və coğrafi baxımdan daha geniş ərazilərə yayıla bilər: "Sosial narazılıq dalğasının digər Avropa ölkələrinə də keçməsi mümkündür. Burada diqqət yetirilməli olan digər mühüm məqam Donald Trampın hakimiyyətə qayıtmasından sonra ABŞ-ın Avropanın təhlükəsizliyinin təmin edilməsindəki roluna yanaşmasının dəyişməsidir. Vaşinqtonun Avropanın müdafiəsi ilə bağlı məsuliyyətin daha böyük hissəsini Avropa dövlətlərinin öz üzərinə götürməli olduğu barədə mövqeyi qitənin təhlükəsizlik siyasətinə təsir göstərir. Tramp administrasiyası Avropa ölkələrinin öz təhlükəsizliklərini təmin etmək üçün daha çox vəsait ayırmalı, ordularını gücləndirməli, müdafiə sistemlərini təkmilləşdirməli və hərbi sənaye kompleksini inkişaf etdirməli olduğunu vurğulayır. Başqa sözlə, Avropa dövlətlərindən təhlükəsizlik məsələlərində ABŞ-dan daha az asılı olmaları və müdafiə xərclərini artırmaları gözlənilir. Avropa İttifaqı da bu məqsədlə müdafiə və təhlükəsizlik sahəsinə böyük həcmdə maliyyə vəsaiti yönəltməyə başlayıb. Nəticədə üzv ölkələr büdcələrinin daha böyük hissəsini müdafiə ehtiyaclarına ayırmaq məcburiyyətində qalırlar. Belə bir vəziyyətdə sosial xərclərin məhdudlaşdırılması riski də artır. Müdafiə və təhlükəsizlik xərclərinin yüksəlməsi fonunda sosial proqramlara ayrılan vəsaitin azaldılması əhalinin narazılığını daha da gücləndirə bilər. İnsanlar yaşayış səviyyəsinin aşağı düşməsindən, qiymət artımından və sosial təminat imkanlarının zəifləməsindən narazı qalaraq hökumətlərə qarşı kütləvi etiraz aksiyalarına qoşulurlar. Beləliklə, Avropada baş verən proseslər təkcə ayrı-ayrı ölkələrin daxili problemləri ilə məhdudlaşmır. Sosial-iqtisadi çətinliklər, təhlükəsizlik xərclərinin artması və siyasi gərginlik bir-birini gücləndirən amillərə çevrilir. Bu prosesin yaxın gələcəkdə daha da dərinləşməsi və bəzi Avropa ölkələrində hökumətlərin mövqeyini zəiflətməsi mümkündür. Lakin etirazların mütləq hakimiyyət dəyişikliyi ilə nəticələnəcəyini indidən demək olmaz".

Günəş Fərəh

Azpolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol