Son günlər Türkiyə və Azərbaycan cəmiyyətləri, eləcə də siyasi dairələri arasında başörtüsü və daxili tətbiqlərlə bağlı yaranan müzakirələr, qarşılıqlı mesajlar iki qardaş ölkə münasibətlərində yeni bir mərhələnin başlanğıcından xəbər verir.
Bəs son iki gündə baş verənlər, hakim partiyaların qarşılıqlı addımları və 29-30 oktyabrda Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşünədək bu konteksdə hansı yeniliklər baş verə bilər?
Bakının qırmızı xətti
Məsələnin kökündə Türkiyədəki bəzi siyasi dairələrin Azərbaycandakı daxili qərarlara (xüsusilə başörtüsü məsələsinə) müdaxilə etmək, ideoloji dəyərləndirmələr aparmaq cəhdləri dayanır. Buna cavab olaraq Yeni Azərbaycan Partiyasının (YAP) Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasına (AKP) ünvanladığı rəsmi məktub Bakının sərgilədiyi mövqedə prinsipial məsələlər açıq mətnlə göstərilib.
Məktubdakı bu sətirlər xüsusilə diqqət çəkdi:
"İslam dünyasında heç bir dövlətin digər müsəlman xalqlarına öz iradəsini diktə etmək, onların daxili işlərinə müdaxilə etmək və ya özünü digərlərindən üstün mövqedə görmək hüququ yoxdur. Müsəlman dünyasının birliyinə xidmət etmək iddiası hegemonluq meyilləri ilə deyil, bərabərhüquqlu əməkdaşlıq və qarşılıqlı ehtiramla təsdiq olunmalıdır”. Bununla rəsmi Bakı bəyan edir ki, Azərbaycan müstəqil, suveren dövlətdir və heç bir kənar mərkəzdən mentorluq tonunda iradlar qəbul etmir. Tarixən neokolonializmə və imperialist yanaşmalara qarşı çıxmış Bakı üçün bərabərhüquqlu tərəfdaşlıq müzakirəolunmaz əsasdır.
Türkiyə hökumətinin ortağından gələn barışdırıcı mesaj
Bakının bu qəti və prinsipli cavabından dərhal sonra Ankaradan gələn reaksiyalar vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün atılan strateji addım kimi qiymətləndirilə bilər. Hakimiyyət ortağı olan Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bahçelinin bəyanatı bu baxımdan çox mənalıdır. Bahçeli açıq şəkildə qeyd etdi ki, Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsindəki münasibətlərin təməlində hər bir üzv dövlətin suverenliyinə, müstəqilliyinə və daxili hüquq sisteminə hörmət dayanır:
"Türk dövlətləri arasında əməkdaşlıq bu suverenlik anlayışına əsaslanır, qarşılıqlı hörmət, bərabərlik və ortaq maraqlar zəminində inkişaf edir".
MHP liderinin bu vurğusu YAP-ın məktubundakı əsas narazılıqların və suverenlik haqlılığının Ankara tərəfindən düzgün oxunduğunu və qəbul edildiyini göstərir. Bahçeli araya "nifaq toxumu" səpmək istəyən dairələrə fürsət verilməyəcəyini bildirərək, iki ölkə arasındakı qardaşlığın heç bir siyasi sürtüşməyə qurban verilməyəcəyini nümayiş etdirdi.
29-30 oktyabr Zirvəsi: Buzlar əriyir, sədrliyi Türkiyə devr alır
Bütün bunlar fonunda gözlər 29–30 oktyabr tarixlərində Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə Görüşünə yönəlib. Bu tarix və məkan təsadüfi seçilməyib: Zirvə Türkiyənin ən əlamətdar milli bayramına - Cümhuriyyət Bayramına təsadüf edir.
Məhz həmin təntənəli gündə Azərbaycan TDT-yə uğurla yürütdüyü sədrliyi qardaş Türkiyəyə təhvil verəcək.
Dövlət Bahçeli bu görüşü vurğulayaraq yazıb: “Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər bu prosesin ən möhkəm dayaqlarından biridir. İki ölkə arasındakı tarixi, mədəni və qardaşlıq bağları siyasi proseslərin fövqündə dayanaraq xalqlarımızın ortaq yaddaşına və könül birliyinə söykənir. Bu baxımdan, Qarabağ Zəfərinin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Zirvə görüşü çərçivəsində keçirəcəkləri görüşün Türkiyə-Azərbaycan qardaşlığının sarsılmaz iradəsini bir daha nümayiş etdirəcəyinə inanırıq”.
Ekspert təhlilləri göstərir ki, yaranmış müvəqqəti soyuqluq məhz bu Zirvə çərçivəsində tamamilə aradan qalxacaq. Azərbaycan Prezidenti İlham Əliyevin Zirvə görüşündə ən yüksək səviyyədə iştirakı və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü mövcud siyasi anlaşmazlıqlara son nöqtəni qoyacaq.
Son günlər yaşanan proseslər bir daha göstərdi ki, Türkiyə-Azərbaycan münasibətləri sadəcə adi dövlətlərarası ittifaq deyil - dərin tarixi köklərə və strateji imperativlərə söykənən sarsılmaz bir bağdır. Bakı öz suveren hüquqlarını və bərabərhüquqlu tərəfdaşlıq prinsipini qətiyyətlə qoruduğunu nümayiş etdirdi, Ankara isə bu haqlı səsi eşidərək münasibətlərin zədələnməsinə imkan verməyəcəyini təsdiqlədi.
Oktyabrın sonundakı Ankarada baş tutacaq Zirvə görüşü bu siyasi səhifəni qapayaraq, Türk dünyasının birliyi və "Türk Əsri" hədəfi istiqamətində yeni və daha güclü bir mərhələnin təməlini qoyacaq.
E.Rüstəmli
“AzPolitika.info”


Şərhlər