Menu

TRAMP YENƏ ÖZÜNÜ QEYRİ-CİDDİ VƏZİYYƏTƏ SALDI... - Onun bəyanatlarına niyə məhəl qoyan yoxdur?

13.10.2026, 11:01
TRAMP YENƏ ÖZÜNÜ QEYRİ-CİDDİ VƏZİYYƏTƏ SALDI... - Onun bəyanatlarına niyə məhəl qoyan yoxdur?

Tramp administrasiyası Ukraynaya və onun Avropa müttəfiqlərinə xəbərdarlıq edib ki, Kiyev Rusiyanın enerji obyektlərinə hücumları dayandırmasa, ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini və Avropa ölkələrinə Ukrayna üçün Amerika silahlarının satışını dayandıra bilər. Bu barədə Avropa və Ukrayna rəsmiləri “CNN” və “The Kyiv Independent”-ə məlumat veriblər. Yəni, ABŞ-nin Rusiya neft zavodlarına görə Ukraynanı təhdid etdiyi iddia olunur…

"Onlar bütün yüksək rütbəli hərbi vəzifəli şəxslərə zəng ediblər və onları hədələyiblər. Hər kəsə həm kəşfiyyat məlumatlarını paylaşmağı, həm də PURL sistemini dayandıracaqlarını deyiblər", - "The Kyiv Independent" yazıb.

Qəzetin məlumatına görə, Amerika tərəfindən zənglər Ukrayna Prezident Administrasiyası başçısının hərbi məsələlər üzrə müavini Pavlo Palisaya və Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Mixail Drapatıya edilib. Üstəlik, “Financial Times” qəzeti bu xəbərin Palisa tərəfindən təsdqiləndiyini bildirib. Lakin çox keçmədən, Palisa bu məlumatı təkzib edərək, heç bir mətbu orqana bu barədə açıqalma vermədiyini deyib…

Bəs, nə baş verir? Trampın elan etdiyi yeni enerji atəşkəsi niyə işləmir? ABŞ kimi böyük supergücün başında duran şəxs atəşkəs bəyanatı verərkən, nədən bunu tərəflərlə razılaşdırmayıb və nədən özünü bu cür qeyri-ciddi, qeyri-adekvat vəziyyətə salıb?

Bu suallara cavab verərkən ilk növbədə Trampın şəxsi keyfiyyətlərinə nəzər yetirmək lazımdır. Bu zaman tələsik, arxasında real əməlin durmadığı populist bəyanatların haradan qaynaqlandığını anlamaq olar…

Bununla yanaşı, ABŞ administrasiyası mediaya sızdırdığı məlumatlarda Trampla Kreml arasındakı “dizel anlaşması”na haqq qazandırmağa çalışmaqda davam edir. Ukrayna nümayəndə heyətilə Trampın nümayəndələri – Stiv Uitkoff və Cared Kuşner arasındakı görüş barədə “Reuters” agentliyinə ötürülən məlumatda deyilir ki, Rusiyaya dizel yanacağının ixracına icazə verən anlaşma “müharibəyə son qoymaq məqsədi daşıyan bir prosesi başlatmaq və Rusiyanı danışıqlar masasına qaytarmaq səylərinin bir hissəsidir”.

Qeyd olunur ki, Uitkoff və Kuşner Mayamidə ukraynalı nümayəndələrlə görüş zamanı Vladimir Putinin müharibəyə son qoymaq üçün danışıqlara hazır olmadığını bildiriblər. Ona görə də ötən həftə elan edilən dizel razılaşması üçtərəfli danışıqların bərpasına kömək edə biləcək vasitə kimi qəbul edilməlidir.


Amerika tərəfi ukraynalıları dizel razılaşmasının Moskvanın mövqeyini "yumşaltmağa" kömək edə biləcəyinə inandırmağa çalışıb. Görüş zamanı Kuşner bildirib ki, Tramp ukraynalıların Rusiya neft emalı zavodlarına hücumlarını dayandırmasını istəyir. O, ABŞ administrasiyasının Kiyevə dəfələrlə belə bir xahişlə müraciət etdiyini bildirib. Çünki Tramp hesab edir ki, Ukraynanın Rusiya neft zavodlarını vurması guya qlobal yanacaq qiymətlərini artırır.

“İdeya ondan ibarət idi ki, ABŞ Rusiyaya qayıdıb deyə bilər: “Baxın, ukraynalılar neft zavodlarına zərbələri dayandırdılar və biz sizinlə bu razılaşmanı bağladıq. İndi isə sizin növbənizdir””, - deyə “Reuters” ABŞ administrasiyasındakı bir mənbəyə istinadla yazıb.

Agentlik əlavə edib ki, bu zaman Kiyev üçün təhlükəsizlik zəmanətləri də müzakirə olunub. Həmçinin, görüşdə Kuşner və Uitkoff Ukrayna rəsmilərinə “ABŞ-nin Ukrayna üçün etdiyi hər şeyi” xatırladıblar. Lakin agentlik iddia edir ki, amerikalıların guya Ukrayna tərəfini Rusiya neft emalı zavodlarına zərbələri dayandırmasa, Kiyevi kəşfiyyat məlumatlarından və silah satışından məhrum edəcəyi barədə hədələdiyinə dair məlumatlar doğru deyil.

Qeyd edək ki, bundan öncə ABŞ kəşfiyyatına yaxın “Axios”, eləcə də “Financial Times” və “Wall Street Journal” belə məlumatlarla çıxış etmişdilər…

Lakin göründüyü kimi, Kuşner və Uitkoffun arqumentləri Ukrayna nümayəndələrini qane etməyib. Bu səbəbdən Ukrayna nümayəndə heyəti danışıqları yarımçıq qoyaraq, ABŞ-ni tərk edib. Ardınca isə Volodimir Zelenski Vaşinqtonu az qala xəyanətdə ittiham edib…

Üstəlik, Kremlə yaxın mənbələr “Reuters”-ə bildirib ki, Putin danışıqlar masasına yalnız "Donbasın qalan 11%-ni aldıqdan sonra qayıdacaq, çünki bunu daxildə qələbə kimi təqdim edə biləcək". Yəni, Trampın elan etdiyi enerji atəşkəsi və bundan öncə Moskva ilə əldə etdiyi dizel anlaşması həm fiziki, həm də siyasi perspektiv baxımından işləmir. Bunlar Moskvanı danışıqlar masasına gətirməyəcək, gətirsə belə, ciddi atəşkəs, sülh razılaşmasına yol açmayacaq.

Lakin bütün bunlar Trampı qətiyyən məyus etmir və reallığın əksinə olaraq, ABŞ Prezidenti yenə tərəflər üzərində böyük təsirə malik olduğunu iddia edir. Tramp jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, ABŞ Ukrayna və Rusiya prezidentlərini müharibəyə son qoymaq üçün sülh razılaşmasına "məcbur edəcək". Ohayoda seçki kampaniyasına yola düşməzdən əvvəl jurnalistlər Trampın Kiyev və Moskvanın enerji atəşkəsinə məhəl qoymamasını şərh etməsini istəyiblər.

"Onlar (Zelenski və Putin) razılığa gəldilər. Bilirsiniz niyə? Çünki mən onlara dedim ki, “Siz razısınız””, - Tramp heç nə olmamış kimi deyib.

Hansı ki, hər iki tərəf heç bir razılığın olmadığını bildirir və qarşılıqlı zərbələr hal-hazırda da davam edir.

Ağ Ev rəhbəri həmçinin Putinin Zelenskidən daha çox razılığa gəlməkdə maraqlı olduğunu iddia edib: "Düşünürəm ki, Putin əslində razılaşmanı Zelenskidən daha çox istəyir. Düşünürəm ki, Putin razılaşma istəyir və biz Zelenskini razılaşmanı istəməyə inandırmalıyıq".

Enerji atəşkəsini məhz Rusiyanın pozduğu deyilərkən isə Tramp cavab verib ki, "hər iki tərəfdən pozuntular olub": "Putin və Zelenski razılaşma istəyirlər, amma bunu necə edəcəklərini bilmirlər. Biz onları razılaşma əldə etməyə məcbur edəcəyik".

Xatırladaq ki, ABŞ-dəki prezident seçkisi ərəfəsində də Tramp eyni qətiyyətlə Ukraynadakı müharibəni 24 saata bitirəcəyini vəd etmişdi. Həmin 24 saat artıq 24 aya yaxınlaşır…

Elxan Qüdrətoğlu

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol