“Son günlərdə ABŞ-nin Cənubi Qafqazdakı hadisələrə niyə Türk faktoru prizmasından baxdığı barədə çox müzakirələr aparılır. Əslində, bu, Amerika xarici siyasəti kontekstində kifayət qədər praqmatik hesablamadır və daha geniş mənzərənin yalnız bir hissəsidir”.

“AzPolitika” xəbər verir ki, beynəlxalq münasibətlər üzrə ekspert, politoloq Suren Sarkisyanın erməni mətbuatında yayımlanan paylaşımında belə deyilir.

Politoloqun fikrincə, Türkiyə regionda ABŞ-nin əsas müttəfiqi olaraq qalır və yaxın gələcəkdə də qalacaq: "ABŞ Türkiyəni Vaşinqtonun əsas rəqibləri – Rusiyaya, Çinə və əlbəttə ki, İrana da qarşı təbii bir maneə, əks çəki və rəqib kimi görür. Bu o deməkdir ki, güclü Türkiyə Moskva və Pekin üçün Cənubi Qafqazdan və Qara dəniz bölgəsindən tutmuş Rusiya və Çinin həyati maraqlarının olduğu Orta Asiyaya və Yaxın Şərqə qədər problemlər yarada bilər”.

Sarkisyanın fikrincə, ABŞ Türkiyə ilə birlikdə Vaşinqtonun rəqibləri üçün maneələr və əlavə çətinliklər yaradır: “Bu, qlobal güclər arasında təbii bir geosiyasi rəqabətdir. Bu məntiq çərçivəsində, Türk təsirinin artması Pekin və Moskva üçün problem yaratdığı müddətcə Vaşinqtonun maraqlarına uyğundur... ”.

Ekspert hesab edir ki, Vaşinqtonun Hindistana da oxşar yanaşması var: “Dehli, bu yanaşma Hindistanda nə qədər narazılıq yaratsa da, Çinə qarşı təbii bir əks çəki kimi qəbul edilir. Türkiyə isə Pekin və Moskvaya qarşı qlobal rəqabətdə ABŞ-yə kömək etdiyi müddətcə, onun regional çəkisi artacaq, mümkün qədər çoxuna (Suriya, istər də dəhlizlər və yollar, türk dövlətlərinə təsir və s.) nail olacaq. Bizə gəldikdə isə Cənubi Qafqazda çəkindirmə mexanizmləri və tarazlıq olmadığı təqdirdə, bu təbii proses balans bərpa olunana qədər davam edəcək. Necə deyərlər, "müqəddəs yer boş qalmır”.

“AzPolitika.info”