Ankara Rusiya-Ukrayna münaqişəsinin bütün tərəflər üçün məqbul olacaq sülh yolu ilə həlli üçün səylərini davam etdirəcək.
“AzPolitika” bildirir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Berlində almaniyalı həmkarı Yohann Vadefull ilə danışıqların yekunlarına dair açıqlama verib. Nazir mətbuat konfransında bildirib ki, Rusiya-Ukrayna müharibəsinin nizamlanması məsələsi ətrafında ətraflı fikir mübadiləsi aparılıb.
"Həm humanitar, həm də strateji baxımdan hər iki tərəf üçün məqbul olacaq sülhə nail olmaq lazımdır. Biz bu istiqamətdə konstruktiv işləri davam etdirəcəyik", – deyə Fidan vurğulayıb.
Fidan, həmçinin ölkəsinin Rusiya və Ukrayna ilə birbaşa təmasları davam etdirdiyini və İstanbulda sülh danışıqlarını yenidən təşkil etməyə hazır olduğunu xüsusi qeyd edib.
"İstanbulda danışıqlar bu yay bərpa olundu. Biz üç raund keçirdik və gördük ki, tərəflər arasında birbaşa danışıqlar bir çox məsələdə məhsuldar nəticələr verdi. Biz bu yolla irəliləməyi davam etdirməliyik. Türkiyə yenidən danışıqlara İstanbulda ev sahibliyi etməyə hazırdır. Biz tərəflər arasında birbaşa təmasları dəstəkləyirik. Diplomatiyadan yayınmamalıyıq", – deyə türkiyəli nazir vurğulayıb.
Türkiyəli nazir eyni zamanda qeyd edib ki, "hazırda Cenevrədə yeni perspektivlər, planlar ortaya çıxıb, müzakirələr gedir".
"Biz (gələcək nizamlanma üçün) çərçivə əsasının necə formalaşdığını görürük. Biz bunu alqışlayırıq. Vəziyyət nə qədər çətin olsa da, bu impuls və bu danışıqlar meydançası əldən verilməməlidir", – deyə Fidan fikirlərini tamamlayıb.
“AzPolitika.info”

Şərhlər