Rusiya Prezident Administrasiyası rəhbərinin keçmiş müavini Dmitri Kozak, 2025-ci ilin sentyabrında istefaya gedərkən Vladimir Putinə Ukrayna müharibəsini sərt tənqid edən məktub təqdim edib.
“AzPolitika” bildirir ki, bu barədə “Aqentstvo” nəşri yazıb.
Mənbələrin bildirdiyinə görə, məktub istefa ərizəsi ilə eyni vaxtda hazırlanıb və “çox sərt ifadələr” ehtiva edib. Başqa bir mənbə isə Kozakın buna baxmayaraq, Putinin qəzəbinə səbəb olmadığını düşündüyünü və yaxın zamanda onunla görüşəcəyinə ümid etdiyini deyib.
İstefadan sonra Kozak tez-tez xaricə, xüsusilə də İsrailə səfərlər edib. Mənbələr qeyd edir ki, bu səfərlər təhlükəsizlik narahatlığı ilə bağlı deyil – o, həm müalicə üçün gedir, həm də Rusiyaya qayıdır.
“The New York Times” daha əvvəl yazmışdı ki, Dmitri Kozak Putinin ətrafında Ukrayna müharibəsinə açıq şəkildə qarşı çıxan yeganə şəxsdir. 2025-ci ildə o, Putinə atəşi dayandırmağı, sülh danışıqlarına başlamağı və xüsusi xidmət orqanlarının səlahiyyətlərini məhdudlaşdırmağı təklif edib.
Bildirilir ki, müharibənin əvvəlində Kozak Ukrayna ilə NATO-ya daxil olmamaq şərtini də əhatə edən sülh sazişi layihəsi hazırlayıb. Lakin Putin bu variantı rədd edərək Ukraynanın geniş ərazilərini anneksiya etməyə üstünlük verib.
Dmitri Kozak 1958-ci ildə Ukraynanın Kirovoqrad vilayətində doğulub. O, Putinlə 1990-cı illərdə Sankt-Peterburq meriyasında çalışıb və 1999-cu ildə Putin Baş nazir olanda onun administrasiyasına rəhbərlik edib.
“AzPolitika.info”


Şərhlər