Rusiya bu gün yalnız hərbi, siyasi, iqtisadi böhran yaşamır, ölkədə paralel olaraq nəhəng dələduzluq sənayesi formalaşıb. Telefon dələduzları elə bir sistem qurublar ki, artıq onların vurduqları ziyan milyardlarla ölçülür və dövlət faktiki olaraq bu cinayət sxemləri qarşısında aciz görünür.
Ukraynaya qarşı müharibə başladıqdan sonra Rusiyada telefon dələduzlarının vurduğu zərər eksponent şəkildə artıb. “Sberbank”ın 2024-cü il üçün hesablamaları dəhşətlidir, zərər artıq 3 milyard dolları keçib. Bu, Rusiya bank sektorunun özünün illik itkilərindən də böyük göstəricidir. Gündəlik vəziyyət daha dramatikdir: ölkədə sutkada 20 milyon dələduz zəngi olur. Bu, əhalinin hər iki nəfərindən birinə gün ərzində dələduzların zəng etdiyi anlamına gəlir.
Bank təhlükəsizlik mütəxəssisləri bildirirlər ki, çoxsaylı zəng-mərkəzləri Rusiyanın özündən çox, Maldiv adaları, Polşa, eləcə də Ukraynanın Rusiya nəzarətində olmayan ərazilərində yerləşir. Müasir texnologiya isə cinayətkarlar üçün sərhədləri tamamilə aradan qaldırıb: nömrələri dövlət qurumlarının xətti kimi göstərmək, istənilən şəxsin səsini yaratmaq, “saxta video” texnologiyasından istifadə etmək, “FSB”, “DİN”, “Mərkəzi Bank” adı ilə danışmaq. Bu, dələduzluğu praktiki olaraq transsərhəd, böyük həcmli, aşağı riskli biznesə çevirib.
Daşınmaz əmlak bazarında ortaya çıxan sxemdə qurban çox vaxt yaşlı satıcı müqaviləni dələduzun psixoloji təsiri altında imzaladığını iddia edir. Məhkəmələr də bu iddianı əsas götürüb müqaviləni ləğv edir, mənzili geri qaytarır, qanuni alıcını həm evsiz, həm də pulsuz qoyur.
Bu presedentə Rusiyada artıq ad da qoyublar - “Larisa Dolina effekti”. Məşhur müğənni Dolina 2024-cü ilin yayında evini satmış, sonra bilərək ki, guya dələduzluğun qurbanı olub, mənzilini geri almış, lakin alıcıya ödənilən pulu qaytarmamışdı. Bu hadisə Rusiyanın hüquq sistemində xaosun, mülkiyyət hüququnun heç bir təminatının qalmadığının simvoluna çevrilib.
İqtisadi şərhçi Maksim Blantın sözlərinə görə, Rusiya Mərkəzi Bankının maliyyə monitorinqi sistemi real fırıldaqçılığa qarşı demək olar ki, işləmir. Bu sistem ancaq sosial müavinət alanları yoxlamağa, qohumların hesablarındakı hərəkətliliyi izləməyə, “xarici agent”, “terrorçu”, “istənməyən şəxs” kateqoriyası üçün siyahılar tərtib etməyə yarayır. Dələduzluğa qarşı tədbirlər isə formal xarakter daşıyır. Blantın fikrincə, oğurlanan pulları insanlara qaytarmaq üçün texniki imkan var. Sadəcə ya bunu istəmirlər, ya da bacarmırlar.
Psixoloqlar dələduzların səs manipulyasiyasından ustalıqla istifadə etdiyini deyirlər. Mütəxəssis Yekaterina Artyomonko bildirib ki, insanlar “bank”, “polis”, “FSB” sözlərini eşidən kimi panikaya düşürlər. Bu panika isə dələduzun ən böyük silahıdır.
Analitik Sergey Qolubitskin isə vurğulayır ki, üç il əvvəl saxta video və səsi ayırd etmək olurdu. Bu gün isə süni intellekt texnologiyaları fərqi tamamilə aradan qaldırıb. Mütəxəssislər məsləhət görürlər ki, “FSB”, “Mərkəzi Bank”, “polis” adı ilə zəng gəlirsə, danışmadan dəstəyi yerinə qoyun, heç bir halda telefonla proqram yükləməyin, heç kimə PIN-kod deyilməz. Kartın məsafədən idarə olunması funksiyasını söndürün. Mütləq 2FA işlədin.
Rusiyada dələduzluq epidemiyası artıq təkcə kriminal məsələ deyil, bu, sosial-siyasi fenomenə çevrilib. Dövlət institutlarının zəifləməsi, hüquq sisteminin çökməsi, iqtisadi qeyri-sabitlik və psixoloji gərginlik fonunda bütün cəmiyyət dələduz şəbəkələrinin hədəfinə çevrilib. Rusiya hökuməti Ukraynada “düşmən axtardığı” qədər ölkə daxilində törəyən bu nəhəng dələduzluq iqtisadiyyatına qarşı mübarizə aparmır, nəticədə isə milyardlarla dollar vətəndaşların cibindən oğurlanır.
“AzPolitika.info”


Şərhlər