Biləsuvar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, dekabrın 7-də saat 2 radələrində Biləsuvar rayonunun Zəhmətabad kəndi ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

V. Həsənlinin idarə etdiyi “Lexus” markalı minik avtomobili idarəetmənin itirilməsi nəticəsində yolun kənarından keçən su kanalına aşıb. Nəticədə sürücü və avtomobildə olan 4 nəfər sərnişin ölüb.

Araşdırma aparılır.

İlkin məlumata görə, qəzada ölənlərdən 4-ü qonşu Bağbanlar kəndinin sakinləridir.

İki qardaş, əmi oğlu və qonşu olan gənclər qonaq dostlarını evlərinə aparırmışlar. Qəza gecə saatlarında olduğundan hadisədən gec xəbər tutulub. Maşında olanlardan Bağbanlar kənd sakini 2003-ci il təvəllüdlü Həsənli Vasif Yusif oğlu sudan çıxarılaraq xəstəxanaya çatdırılsa da, orada ölüb.

Fövqəladə Hallar Nazirliyi də  hadisə ilə bağlı məlumat yayıb.

Bildirilib ki, “112” qaynar telefon xəttinə Cənub -Muğan su kanalının Biləsuvar rayonu, Zəhmədabad kəndindən keçən hissəsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

“Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Biləsuvar rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Lexus” markalı minik avtomobilinin idarəetməni itirərək su kanalına düşdüyü və vətəndaşların nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən yol-nəqliyyat qəzası nəticəsində avtomobildə həyatını itirən 4 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə nəticəsində ümumilikdə 5 nəfər həyatını itirib.

Faktla əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır” -deyə, məlumatda bildirilir.

“Qafqazinfo” xəbər verir ki, hadisə nəticəsində ölənlərin kimliyi məlum olub. Belə ki, qəza zamanı sərnişinlər 2001-ci il təvəllüdlü Rusif Həsənli, 1990-cı il təvəllüdlü İldırım Həsənli, 2000-ci il təvəllüdlü Məhəmməd Məmmədli, 2007-ci il təvəllüdlü Əliqardaş Rəsulzadə hadisə yerində, 2003-cü il təvəllüdlü sürücü Vasif Həsənli isə aparıldığı xəstəxanada vəfat edib.

Məlumata görə, Rusif və Vasif Həsənli qardaşdır.

Bəydili kənd sakini olan Əliqardaş Rəsulzadə yaxın günlərdə hərbi xidmətə gedəcəkmiş.

Fotoda: Vasif və Rusif Həsənli

Fotoda: Əliqardaş Rəsulzadə

Fotoda: Məhəmməd Məmmədəli