Rusiyanın dövlət sektorunun neft və qazdan əldə etdiyi gəlirlər xam neftin ucuzlaşması və rublun möhkəmlənməsi fonunda bu ilin dekabrında ötən ilin eyni dövrü ilə müqayisədə təxminən iki dəfə azalacaq.
“AzPolitika” bildirir ki, bu barədə “Reuters” agentliyi öz hesablamalarına istinadən məlumat yayıb.
Agentliyin təhlilinə görə, dekabr ayında Rusiyanın neft-qaz gəlirləri təxminən 410 milyard rubl (5 milyard dollardan bir qədər çox) təşkil edəcək. Bu göstərici 2020-ci ilin avqustundan bəri ən aşağı səviyyədir. Həmin dövrdə pandemiya səbəbindən enerji daşıyıcılarının satışında ciddi azalma olmuş və gəlirlər 405 milyard rubl səviyyəsinə düşmüşdü.
“Reuters”in hesablamalarına əsasən, ilin yekununda Rusiyanın neft və qazdan əldə etdiyi gəlirlər təxminən 25 faiz azalaraq 8,5 trilyon rubla enəcək. Bu isə Rusiya Maliyyə Nazirliyinin proqnozlarından aşağı göstəricidir.
Gəlirlərin azalmasının əsas səbəbləri kimi neft qiymətlərinin düşməsi və rublun möhkəmlənməsi göstərilir. Məlumata görə, noyabr ayında rus neftinin rubl ifadəsində qiyməti oktyabr ayı ilə müqayisədə 17 faiz ucuzlaşıb.
Bundan əlavə, 22 oktyabrda ABŞ Maliyyə Nazirliyi Rusiyanın ən iri neft şirkətləri olan “Rosneft” və “Lukoyl”a qarşı sanksiyalar tətbiq edib. ABŞ Prezidenti Donald Tramp bu sanksiyaların Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin başa çatmasına təsir göstərə biləcəyinə ümid etdiyini bildirib.
Noyabrın sonunda isə Rusiya prezidenti Vladimir Putin Tramp ilə Alyaskada keçirilən danışıqlardan sonra ABŞ-nin Rusiya neft şirkətlərinə qarşı yeni sanksiyalar tətbiq edəcəyini gözləmədiyini etiraf edib.
Qeyd edək ki, neft və qazdan daxilolmalar Rusiyanın dövlət büdcəsinin əsas gəlir mənbələrindən biridir. Bu sahədəki azalma büdcə balansı və sosial xərclər baxımından Moskva üçün əlavə risklər yaradır.
Rasim
“AzPolitika.info”

Şərhlər