Moskva vilayətinin Odintsovo şəhərində yeniyetmə elit məktəblərdən birinə hücum edib.
“AzPolitika” xəbər verir ki, Rusiya İstintaq Komitəsinin məlumatına görə, 9-cu sinif şagirdi olan yeniyetmə mühafizəçini və bir şagirdi bıçaqlayıb. Uşaq aldığı yara nəticəsində ölüb. Cinayət Məcəlləsinin 105-ci maddəsi ilə qətl və qətlə cəhd maddəsi ilə cinayət işi açılıb.
Rusiya təhlükəsizlik orqanlarına yaxın olan "112" Telegram kanalı bildirir ki, hücum edənin adı Timofey K.-dir. Onun 15 yaşı var. Çərşənbə axşamı o, məktəbə maska və "Heç bir həyat vacib deyil" şüarı yazılmış köynək geyinərək gəlib, bibər qazı püskürüb, mühafizəçini və bir neçə şagirdi yaralayıb, onlardan birini öldürüb. O, öldürdüyü uşağın cəsədi ilə şəkil çəkib, poza verib və sonra başqa şagirdi girov götürərək, sinif otağında gizlənib. Məktəb boşaldılıb və xüsusi təyinatlılar əməliyyta keçirərək, cinayətkarı həbs edib, girov xəsarət almayıb.
Sonradan məlum olub ki, qətli törədən yeniyetmə hadisəni telefonuna çəkib və şəxsi Telegram kanalında paylaşıb. Videoda o, bir qrup şagirdə yaxınlaşaraq onlardan soruşur: "Milliyyətiniz nədir?".
Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, qətli törədən "destruktiv gənclər hərəkatının" üzvü olub. Hərəkatın adı açıqlanmır. Media orqanları onun milliyyətçi şüarlarla bəzədilmiş dəbilqəsinin şəkillərini dərc edib. Qeyd olunur ki, cinayətkar hansısa rus millətçi və faşist təşkilatının üzvüdür.
Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, ölən şagirdin 10 yaşı olub. Onun milliyyəti açıqlanmır.
Müşahidəçilərin də qeyd etdiyi kimi, baş verən bu hadisə Rusiyada dövlət orqanlarının dəstəklədiyi müharibə, qatı şovinist, millətçi və qeyri-ruslara qarşı açıq nifrət təbliğatının nəticəsidir.
“AzPolitika.info”


Şərhlər