Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Əli Vahab oğlu Cəfərovun xəstəlikdən müalicə olunduğu hospitalda bu ilin dekabr ayının 15-də ölməsi ilə bağlı araşdırma aparılır.
Bu barədə Hərbi Prokurorluqdan bu gün yayılan məlumatda deyildiyinə görə, ölümün səbəbinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin olunub, eləcə də digər prosessual tədbirlər icra edilib.
Qeyd edək ki, həyatını itirən gənc, Gəncə Dram Teatrının quruluşçu rəssamı Vahab Cəfərovun oğludur və o, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kinorejissorluq” fakültəsindən məzun olduqdan sonra hərbi xidmətə yollanıbmış.
Bir ailəni oğulsuz qoyan bu faciə son zamanlar müvafiq dövlət qurumları – hərbi komissarlıqlar və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən “hərbi xidmətə yararlı” rəyi verilən gənclərimizin əslində bəzən faktiki olaraq hərbi xidmətə yararsız olduğuna dair şikayətləri yenidən aktuallaşdırır.
Bəzi mənbələrin cəmi 4 ayın əsgəri olduğunu iddia etdiyi Əli Cəfərovun ağır pnevmaniyadan dünyasını dəyişdiyi bildirilir. Əlbəttə, Hərbi Prokurorluğun araşdırmasından sonra yəqin ki, gəncin gerçək ölüm səbəbləri, bu xəstəliyə nə vaxt, hansı şəraitdə tutulması, hərbi çağırış zamanı komissiya tərəfindən nə dərəcədə obyektiv və keyfiyyətli şəkildə yoxlandığı, hərbi xidmətdə vaxtında tibbi müdaxilənin edilib-edilmədiyi məlum olacaq. Lakin hər halda, doğrudan da sağlam, hərbi xidmətə tam yararlı bir gəncin hansısa xəstəlikdən dünyasını dəyişməsi həmin gəncin çağırış zamanı düzgün tibbi yoxlanışı barədə şübhələr yaradır…
Məlum olduğu kimi, zamanında məlum “əyri yollarla” “yararsız” rəyi alıb hərbi xidmətdən yayınanlar xeyli vaxtdır yenidən çağırışa cəlb olunur və onların bir çoxuna qoyulan diaqnozun saxta olduğu üzə çıxarılır. Belələri hərbi xidmətə göndərilir və bu təbii ki, olduqca müsbət haldır. Lakin bununla paralel olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının faktiki xidmətə yararsız gənclərə “yararlı” rəyi verməsinə dair də xeyli şikayətlər var. Eləcə də bir çox valideynlər övladlarının hərbi xidmətə gedəndən sonra zamanında düzgün diaqnoz qoyulmadığı üçün xidmətdə əziyyət çəkmələrindən, sağlamlıqlarına ikiqat zərbə vurulmasından, aylarla hərbi hospitallarda qalmalarından şikayət edirlər. Eləcə də bir çox hallarda belə çağırışçıların hospitallar tərəfindən qoyulan diaqnoz və təkrar müayinələrdən sonra hərbi xidmətə yararsız kimi tərxis olunduğuna dair məlumatlar var. Niyə? Çünki zamanında düzgün dizqnoz qoyulmayıb, başdansovdu müayinə aparılıb, ya da “planı doldurmaq” xatirinə səhhətində ciddi problem olan çağırışçı “yararlı” adı ilə orduya yola salınıb. Bir sözlə, əvvəllər daha çox “hərbi xidmətə yararsız” diaqnozu saxta çıxırdısa, indi əksinə, “yararlı” diaqnozu saxta çıxır. Hərbi hospitallarda xeyli sayda bu cür əsgərlərin olduğuna dair məlumatlar var.
Obyektivlik naminə o da qeyd olunmalıdır ki, Müdafiə Nazirliyinin Tibb Baş İdarəsi bu cür halların üzə çıxarılması və belə çağırışçıların təkrar müayinəyə göndərilərək, düzgün diaqnoz qoyulmasına çalışır. Lakin buna baxmayaraq, belə halların sayının olduqca çox olduğu və onların hamısının araşdırılmasının əlavə yük yaratdığı bildirilir.
Bu problemin yaşanmasının səbəblərindən biri hərbi çağırışla bağlı qanunvericilikdir. Məlum olduğu kimi, hərbi çağırışla bağlı xəstəliklər cədvəli Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən tənzimlənir və "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"də əks olunur, bu cədvəl hər bir xəstəliyin hərbi xidmətə yararlılıq dərəcəsini (A, B, C, Ç, D kateqoriyaları) müəyyən edir, müddətli xidmətə tam yararsızdan (D) tutmuş, məhdud yararlılığa (C) qədər fərqləndirir, beləliklə, hansı xəstəliyin çağırışçını hərbi xidmətdən azad etdiyini və ya hansı xidmət növünə yönləndirdiyini göstərir. Ola bilsin ki, bu cədvəli yenidən nəzərdən keçirməyə və müəyyən dəyişikliklər etməyə ehtiyac var. Digər məsələ, tibbi müayinənin nə dərəcədə obyektiv, keyfiyyətli aparılması və bu cədvəldə göstərilən maddələrə uyğunlaşdırılmasıdır. Təəssüf ki, bu mərhələdə ciddi nöqsanlar qeydə alınır. Məsələ ondadır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyası yalnız “TƏBİB”-in tabeliyindəki xəstəxanaların rəyini tanıyır. Bu halda Səhiyyə Nazirliyinin tabeliyindəki ixtisaslaşmış xəstəxanalar kənarda qalır. Bu isə müayinənin və diaqnozun keyfiyyəti il bağlı haqlı şübhələr yaradır.
Bir sözlə, gənclərin hərbi xidmətə çağırılması zamanı aparılan tibbi müayinələrlə bağlı cavabını gözləyən xeyli suallar var. Bu sahədə lazımi, keyfiyyətli xidmət təmin olunmayınca, təəssüf ki, bundan sonra da xəstəlikdən əsgər ölümünə dair acı xəbərlərə rast gələ bilərik.
C.Məmmədli
“AzPolitika.info”

Şərhlər
Belə yararlı "yararsızar"istədyiniz qədər İcra hakimiyyətlərində,Banklarda.Prezident Aparatında.Nazirlər kabinetində vardıı.Onarla maraqanan.səbəbini müəyyən edən varmı? Yox! Niyə?
Görünür hələdə sovet dövrü dedovşina da qalıb ordumuzda ki, orada zəifliyi olan balalarımıza qarşı laqeydlik göstərirlər. Nəticə də göz qabağındadır. Əsgərlər millətin balalarıdır. Hərbi xidməti zamanı komandirlər onlara hörmətlə yanaşılmalı və diqqət göstərməlidirlər. Necə ki, öz övladlarına göstərirlər. Əks halda əminliklə demək olar ki, həmin komandir heyəti bu millətdən bu xalqdan deyil.
Doğrudur Həkim komissiyaları məsuliyyət daşıyırlar.Səfərbərlik xidməti dəfələrlə kimlərə qarşı cinayət işlərini açdırır,belə görüntü yaranır ki,nöqsanlar aradan qaldırılır.Amma nəticədə xəstə gənclər sağlam adı ilə hərbi hissələrə göndərilir.Dinc vaxtda əsgər ölümləri qəbul edilməzdir.Hərbi qospitallarda isə məntiqsiz diaqnoz qoyulur.Bu genə qədər bir nəfərin belə buna görə məsuliyyətə alındığını görmədik.Nəticə çıxarılacaqmı.........
Yararsız "çııan"çağrşçıların kimərn evladları olduuna,komssiyada rüşvətin varlığına və yüksək vəzifəlılərin tapşırığı və pullu valideynlərə diqqət etsəni.bu yararsızlrın 95 faizi yanlış olacaq..
Kor biŕ oğlanı sağlam yazaraq bakının da təsdiqi olmuşdur. Bu bir biyabırçılıqdır.
Getsin indi xeste ushaqa saxlam qarari veren cavab versin. Insana bu xidmet toyuq gozu ile baxir. Yalandan iki dene yetim yusuru prokurorluga verib gozdan parda asirlar
Seferberlik Xidmeti esassiz olaraq dokrorantura oxuyan adamin senedini qebul etmir deyir ki senin adin mqovda var sen iwdiyirsen. Qanunlari saymilar hecneye mehel qoymular. Xidmete yigdiqlari qeyri pewekar mulki adamlar xidmeti idare edir.
zornan caamatın xəstə balasini saglam çıxarıb hərbi xidmətə göndərirlər. buda nəticə. mənə helə gəlir ki, Hərbi Prokurorluq və diğər hüquq mühafizə oraqanları Səfərbərlik xidmətində və Agentliydə düzgün və ətraflı araşdırmalar aparmalıdılar. Səfərbərlik xidməti guya şəffaf ışləyir korrupsiyaya yoxdur. lakin bunun qarşılığında caamatın xəstə balasını basım əsgərliyə aparirlar.