Rusiya ordusunun yüksək rütbəli general-polkovniki Sergey Kuzovlyevlə bağlı yayılan məlumatlar Kremlin hərbi-siyasi elitasında ciddi gərginliyin hökm sürdüyünü göstərir.
Noyabrın 20-də Rusiya prezidenti Vladimir Putin hərbi forma geyinərək “Qərb” hərbi qruplaşmasının komanda-qərargah məntəqələrindən birində toplantı keçirib.
“AzPolitika” xatırladır ki, görüşdə Rusiyanın “Cənub” və “Qərb” hərbi qruplaşmalarının komandirləri döyüş meydanındakı vəziyyətlə bağlı Putinə ardıcıl məruzələr ediblər.
Həmin məruzələrdən biri xüsusilə diqqət çəkib. General-polkovnik Sergey Kuzovlyev Putinə Kupyansk şəhərinin tamamilə Rusiya Silahlı Qüvvələrinin nəzarətində olduğunu bildirib. Bu açıqlama Kremlin rəsmi ritorikasına tam uyğun gəlsə də, sonrakı hadisələr məruzənin reallığı əks etdirmədiyini üzə çıxarıb.
Bir müddət sonra Ukrayna Prezidenti Volodimir Zelenski şəxsən Kupyanska səfər edib. Bu addım Rusiya rəhbərliyini, xüsusilə də Putini beynəlxalq ictimaiyyət qarşısında çətin vəziyyətə salıb. Zelenskinin səfəri həm Ukraynanın həmin istiqamətdə mövqelərinin möhkəm olduğunu nümayiş etdirib, həm də Rusiya ordusunun verdiyi rəsmi hesabatların etibarlılığına ciddi zərbə vurub.
Hadisələrin xronologiyası isə diqqətçəkicidir:
9 dekabrda Kupyanskla bağlı məruzə edən general-polkovnik Sergey Kuzovlyevin təltif olunduğu bildirilir;
12 dekabrda Volodimir Zelenski Kupyanska səfər edir;
Zelenskinin səfərindən bir neçə gün sonra Kuzovlyevin ölümü ilə bağlı məlumatlar yayılır;
Bir neçə gün əvvəl Zelenski özü də açıqlama verərək, “çox güman ki, həmin general artıq sağ deyil” deyə bildirib.
Ekspertlər qeyd edirlər ki, dövlət başçıları belə bəyanatları, adətən, kəşfiyyat qurumlarının dəqiqləşdirilmiş məlumatlarına əsaslanaraq səsləndirirlər. Bu isə Kuzovlyevin taleyi ilə bağlı iddiaların təsadüfi olmadığını göstərir.
Rəsmi Moskva general-polkovnikin ölümü ilə bağlı hər hansı aydın açıqlama verməsə də, baş verənlər Rusiya hərbi-siyasi rəhbərliyi daxilində ciddi məsuliyyət savaşı və daxili təzyiqlərin artdığını göstərir. Analitiklərin fikrincə, cəbhədə real vəziyyətlə Kremlin gözləntiləri arasındakı fərq artdıqca, bu cür “günahkar axtarışı” halları daha da çoxala bilər.
Hadisə bir daha sübut edir ki, Ukrayna müharibəsində yalnız cəbhədə deyil, Kremlin kabinetlərində də təhlükəli mübarizə gedir.
Rasim Əliyev
“ASzPolitika.info”

Şərhlər