Almaniyanın ifrat sağçı "Almaniya üçün Alternativ" (AfD) partiyasının sədri Alis Vaydel ölkə iqtisadiyyatını xilas etmək üçün Rusiya neft və qazına tətbiq edilən boykotun dayandırılmalı olduğunu bəyan edib. O, partiyasının federal hökumətə rəhbərlik etmək iddialarını açıqlayarkən bu bəyanatla çıxış edib.
"AzPolitika" xəbər verir ki, "Reuters" agentliyinə danışan Vaydel, Rusiyadan gələn ucuz enerjinin "Made in Germany" (Almaniya istehsalı) brendinin uğur sirri olduğunu bildirib: "Bizə bu enerji geri lazımdır. Rusiya enerjisinin itirilməsi bizi illərlə geriyə saldı. Yüz minlərlə iş yeri itirildi. Bu vəziyyət bizi enerjini daha baha qiymətə satan ABŞ-dən asılı vəziyyətə gətirdi".
Xatırladaq ki, 2022-ci ildə Rusiyanın Ukraynaya hücumundan sonra tətbiq edilən sanksiyalardan əvvəl Rusiya Almaniyanın xam neft idxalının üçdə birindən çoxunu, təbii qaz idxalının isə yarısından çoxunu təmin edirdi. Eyni zamanda, 2022-ci ilin sentyabrında "Şimal Axını" qaz kəmərində baş verən partlayışlar ölkə sənayesinə ağır zərbə vurub. Hazırda Almaniya sənayesi çətin günlərini yaşayır; hətta avtomobil nəhəngi "Volkswagen" 100 minə yaxın iş yerini ixtisar etməyi nəzərdən keçirir.
Alis Vaydel qarşıdakı sentyabr ayında şərqi Almaniyanın iki mühüm federal ştatında - Saksoniya-Anhalt və Meklenburq-Ön Pomeraniyada keçiriləcək seçkiləri partiyası üçün "həlledici mərhələ" adlandırıb. Hazırda AfD bu bölgələrdəki rəy sorğularında liderlik edir:
"Əgər Saksoniya-Anhaltda qalib gəlsək, çox güman ki, Meklenburq-Ön Pomeraniya da bunu izləyəcək. AfD-ni 2029-cu ildə keçiriləcək növbəti ümumi seçkilərdə və ya ondan sonrakılarda kansler kürsüsündə görürəm".
İfrat sağçıların bu bölgələrdə nəzarəti ələ keçirməsi Berlinin miqrasiya siyasətinə ciddi etiraz demək olacaq. Digər tərəfdən, mövcud Kansler Fridrix Mersin rəhbərlik etdiyi Xristian Demokratlar (CDU) kimi ənənəvi partiyaların AfD ilə koorperasiyadan imtina etməsinə baxmayaraq, sağçıların mümkün qələbəsi hakimiyyət blokunu çətin vəziyyətdə qoyacaq.
Qeyd edək ki, Almaniyanın şərqində Rusiya ilə münasibətlər hər zaman daha həssas olub. Berlin divarının sökülməsindən 35 ildən çox vaxt keçsə də, keçmiş sovet idarəçiliyində olan bu bölgədə Rusiyaya rəğbət bəsləyənlərin və ABŞ-yə tənqidi yanaşanların sayı kifayət qədər çoxdur.
Rasim
“AzPolitika.info”

Şərhlər