Regionun mühüm nəqliyyat layihələrindən biri olan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttində aparılan yenidənqurma və modernizasiya işlərinin başa çatması layihəni yenidən diqqət mərkəzinə gətirib.

Yükdaşıma imkanlarının artırılması ilə xəttin daha səmərəli fəaliyyət göstərməsi gözlənilir. Bu isə Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərində rolunun güclənməsinə, tranzit daşımalarının artmasına və ticarət əlaqələrinin genişlənməsinə əlavə imkanlar yarada bilər. Bəs BTQ xəttinin tam gücü ilə fəaliyyətə başlaması ölkəyə hansı üstünlüklər qazandıracaq? Yeni dəmir yolu xətti regionda ticarət və logistika əlaqələrinə necə təsir göstərəcək?

Mövzu ilə bağlı “AzPolitika”ya açıqlama verən Crypto Consulting MMC-nin direktoru, kriptoinvest.az portalının rəhbəri və UNEC Biznes Məktəbinin müəllimi Elnur Quliyev bildirib ki, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttində aparılan modernizasiya işlərinin başa çatması Azərbaycanın regional logistika və nəqliyyat mərkəzi kimi mövqeyinin güclənməsi baxımından mühüm hadisədir.

Onun sözlərinə görə, son illərdə qlobal ticarət marşrutlarında baş verən dəyişikliklər fonunda Orta Dəhlizin əhəmiyyəti artıb və BTQ bu dəhlizin əsas elementlərindən biri hesab olunur: “Praktiki baxımdan məsələyə yanaşsaq, əvvəllər Çindən Avropaya göndərilən yüklərin əhəmiyyətli hissəsi dəniz yolu ilə daşınırdı və bu proses 30-45 gün çəkə bilirdi. BTQ və Orta Dəhliz vasitəsilə isə bəzi yüklərin çatdırılma müddəti təxminən 15-20 günə qədər azalır. Bu, xüsusilə elektronika, avtomobil ehtiyat hissələri və sürətli təchizat tələb edən məhsullar üçün böyük üstünlük yaradır. Digər tərəfdən, xəttin yükdaşıma imkanlarının artırılması Azərbaycan üçün əlavə tranzit gəlirləri deməkdir. Məsələn, Qazaxıstandan və ya Çindən gələn konteyner yükləri Bakı limanına çatdıqdan sonra BTQ vasitəsilə Türkiyə və Avropa bazarlarına yönləndirilir. Yük axınının artması isə liman xidmətləri, logistika mərkəzləri, anbar təsərrüfatı, gömrük və nəqliyyat sektorlarında əlavə iqtisadi aktivlik yaradır”.

E.Quliyev qeyd edib ki, praktiki nümunələrdən biri də Türkiyənin Avropaya ixrac etdiyi məhsullarla bağlıdır: “Türkiyə istehsalçıları Mərkəzi Asiya ölkələrinə məhsul göndərərkən BTQ xəttindən istifadə etməklə həm vaxta, həm də nəqliyyat xərclərinə qənaət edə bilirlər. Eyni zamanda, Mərkəzi Asiya ölkələrinin kənd təsərrüfatı və sənaye məhsulları da bu marşrut vasitəsilə Avropa bazarlarına daha rahat çıxış əldə edir.

BTQ-nin tam gücü ilə işləməsi Azərbaycanın logistika infrastrukturuna yatırılan investisiyaların səmərəliliyini də artırır. Məsələn, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə BTQ xətti arasında formalaşan inteqrasiya ölkəni Xəzər dənizi üzərindən gələn yüklərin əsas paylama mərkəzlərindən birinə çevirə bilər. Bu model dünyanın bir çox uğurlu logistika qovşaqlarında tətbiq olunur. Bundan əlavə, BTQ xətti Azərbaycanın qeyri-neft sektorunun inkişafına da töhfə verə bilər. Məsələn, yerli istehsal olunan kənd təsərrüfatı məhsulları, qida məhsulları və sənaye malları Türkiyə üzərindən Avropa bazarlarına daha sürətli və rəqabətqabiliyyətli şəkildə çıxarıla bilər. Bu isə ixracın genişlənməsinə və valyuta gəlirlərinin artmasına müsbət təsir göstərər.

Nəticə etibarilə, BTQ xəttinin modernizasiyası sadəcə nəqliyyat layihəsi deyil. Bu, Azərbaycanın tranzit gəlirlərinin artırılması, logistika sektorunun inkişafı, xarici ticarətin genişləndirilməsi və ölkənin Avrasiya məkanında strateji mövqeyinin möhkəmləndirilməsi baxımından mühüm iqtisadi alət kimi qiymətləndirilə bilər”.

Oğuz Ayvaz

AzPolitika.info