ABŞ vitse-prezidenti J.D.Vensin Mayamidə keçirilən ABŞ-Ukrayna və ABŞ-Rusiya danışıqlarında ciddi irəliləyiş olduğuna dair açıqlaması Moskva tərəfindən təkzib olunur.

“AzPolitika” xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya mediasına verdiyi açıqlamada deyib ki, Ukraynadakı müharibənin həlli ilə bağlı Mayami danışıqlarında heç bir irəliləyiş olmayıb.

"Bu, davam edən bir işdir. Biz demişik ki, əvvəlcə ekspertlər səviyyəsində kifayət qədər ətraflı iş prosesi olmalıdır", - deyə Peskov bildirib.

Peskov deyib ki, Rusiyanın hazırda ən vacib prioriteti ABŞ-dən avropalılar və Ukrayna ilə danışıqlar barədə təfərrüatlar almaq və bunun "Ankoric ruhuna" uyğun olub-olmadığını yoxlamaqdır. Söhbət Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında avqust ayında Alyaskada baş tutan görüşdən gedir. Ancaq “Ankoric ruhu” deyərkən nəyin nəzərdə tutulduğu tam məlum deyil…

Bundan öncə Trampın xüsusi elçisi Stiv Uitkoff Mayami danışıqlarını şərh edərkən deyib ki, ayrıca ABŞ-Ukrayna görüşü zamanı diqqət 20 maddəlik planın daha da inkişaf etdirilməsinə, təhlükəsizlik zəmanətləri, xüsusən də ABŞ-nin mövqelərinin əlaqələndirilməsinə və iqtisadi inkişaf üçün plana yönəldilib.

“AzPoitika.info”