Şahin Nəcəfov: “Hökumətin ağ köynəkli, qara qalstuklu, Avropa təhsilli yoldaşlarını 1 günlük kənd tövlələrinə ekskursiyaya aparmaq lazımdır ki...”
“Kəndli tövləsinin başını buraxdısa, ona on dəfə artıq qazanc təklif etsəniz də, arvad-uşağını peyin iyi verən tövləyə qaytara bilməyəcəksiniz”
“Yeni qərara görə kəndli tikəcəyi tövləyə görə Şəhərsalma və Arxitektura Komitəsindən icazə almalıdır. Bu icazənin ardınca kəndlinin fövqəladə, işıq, qaz, bələdiyyə, baytarlıq, qida, dağ-mədən, layihələr kimi xidmətlərdən də keçməsi tələb olunur”.
“AzPolitika” bildirir ki, bu barədə fermer Şahin Nəcəfov sosial şəbəkə hesablında bildirib,
Ş.Nəcəfov yazıb ki, kəndli bu xidmətlərə görə kifayət qədər bahalı pul ödəməli, aylarla yollarda qalmalıdır.
“Niyə, nəyin naminə? Tövləyə 3 dəqiqəlik girəndə heyvanın peyinin iyi 3 gün üstündən getmir. Heyvan saxlamaq ən ağır və ən axırıncı işlərdən biridir", - o, təəəssüflə qeyd edir.
Fermer əlavə edib ki, heyvana yaxşı baxılsa, yerli cinslər gündəlik 650-800 qram, xarici cinslər isə 1-1,2 kiloqram çəki artıra bilər. Lakin bu qazancdan arpa unu, kəpək, saman, yonca, dərman və digər xərclər çıxıldıqdan sonra kəndlinin qazancı minimal qalır.
Ş.Nəcəfov bildirib: "Kəndlinin qazancı heyvanının cöldə otlamasından asılıdır. Lakin cöldə örüş sahəsi yoxdur, yonca yoxdur, əkinini sulamaq üçün su yoxdur, daxili imkanlar hesabına ucuz yem tədarük etmək imkanı yoxdur. Hamısını kənardan almalıdır. 4-5 ay boyunca bordaqda saxlanılan iri heyvan maksimum 250-300 manat qazanc gətirə bilər. Günə böləndə bu 1,5-2 manat edir".
Fermer qeyd edib ki, hökumət və parlament üzvləri kənddəki çətinliyi anlamalıdır: "Hökumətin ağ köynəkli, qara qalstuklu, Avropa təhsilli yoldaşlarını 1 günlük kənd tövlələrinə ekskursiyaya aparmaq lazımdır ki, kənd insanının min cür zəhmətlə qazandığı son tikəsini də burunlarına soxmağın, nə qədər günah olduğunu bəlkə dərk etsinlər. Amma gələndən sonra gərək bir gün türk hamamında kisələnib, üç gündə fransız ətiri ilə çimsinlər ki, tövlənin iyisi canlarından çıxsın".
Ş.Nəcəfov ferma və tövlə arasındakı fərqi də izah edib: "Oliqarx məmurların dövlət hesabına yaradılmış aqroparklarda, müasir texnologiya ilə, avtomatlaşdırılmış, hər bir heyvanın kövşəmə sayına və bədən temperaturuna görə yem rasionunu müəyyənləşdirən cihazlarla, laboratoriya və havalandırma sistemləri ilə təmin olunan, hündürlüyü 5,20 m olan binalarına ferma deyilir. Yarı torpaqdan, yarı daşla tikilib, üstünü köhnə şiferlə, salafanla qaralayıb, içində 5-10 heyvan saxlanılan yerə isə tövlə deyilir".
Fermer hökumətə çağırış edib: "Dövlətin gücü çatırsa, kəndliyə mal-matiralla kömək etsin, faizsiz kredit versin. Kömək edə bilmirsə, problem yaratmasın. Kəndli tövləsinin başını buraxdısa, ayağı Bakının asfaltına dəydisə, ona on dəfə artıq qazanc təklif etsəniz də, arvad-uşağını peyin iyi verən tövləyə qaytara bilməyəcəksiniz. İnsanları yurd-yuvasından, min bir zəhmətlə qazandıqları çörəyindən etməyin".
O, əlavə edib ki, son illər ərzaq məhsullarında idxaldan asılılığın ən böyük səbəblərindən biri kiçik təsərrüfatlara müdaxilə cəhdləridir.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər
Düz sözə nə deyəsən !!!
Bu qərar oliqarxların sifarişidir və onların mənafeinə uyğundur. Bu təkcə büdcə doldurmaq üçün deyil, bu həm də kəndlini lüt-üryan qoyub mülkədar torpaqlarında işləməyə sövq etməkdir. Ölkədə təcili torpaq islahatı aparılmalı, oliqarx torpaqları yenidən kəndliyə qaytarlalıdır. Bunsuz Azərbaycanda kənd təsərrüfatını inkişaf etdirmək mümkün olmayacaqdır. Heç kim əbəs terə baş sındırmasın. Çünki bütün məhsuldar torpaqlar və örüş-otlaq sahələri son qarışına qədər oliqarxlar tərəfindən zəbt edilib. Əgər bu islahat aparılmasa heç bir Azərbaycan övladı bir daha öz süfrəsində yerli və oeqanik qida görməyəcəkdir.
EH HEÇ BIR XEYRI YOXDUR...YERDEN GŎYEDEK HAQLIDIR......
Çox təəssüf ki, son dövrlər Qərdbəd təhsil alan, real biznesi və Azərbaycan iqtisadiyyatının reallığını bilməyən və iqtisadiyyatı geriləyən Avropanın bürokratik normaları Azərbaycana gətirilir, biznesin üzərində tənzimləmələr və dövlət xidmətlərinə görə misli görünməyən haqlar tətbiq olunur. Görəsən bu tənzimləmələri icad edənlər statistikaya baxmırlar ki, ölkənin kənd təsərrüfatı, xüsusi ilə də heyvandalığını günü-gündən geri gedir və bu yanaşma ilə bu ölkədə heç nə istehsal olunmayacaq
Fermer tam haqlıdır ,Dövlet ve jökumet memurları bu praktiki fikirleri nezere alsa gamı qazanar.
Qeyd olunan Qərar birmənalı olaraq ölkədə maldarlığın məhvinəgətirib çıxaracağı aksiomadır. Kənd təsərrüfatı nazirliyi son illər bu sahənin tənəzzül etməsinə mümkün olan qədər misilsiz "xidmət" göstərməkdədir. Bu qərar isə lap quşu gözündən vurdu... Baş naziri Əli Əsədov olan hökumətdən bundan başqa nə gözləmək olardı ki,...
Çox ğözəl yazıdır.Ağ qalstuklu və qoyunu keçidən ayıra bilməyənlərin məqsədi Azərbaycanda maldarlığı tamamilə məhv etməkdir.Onsuz da örüş yerlərinin zəbt edilməsi maldarlığı pis ğünə qoyub, ağ köynəklilər də bir tərəfdən kəndlinin üstünə ğəlirlər. Monopoliya bizi məhv edir hökumət ayıl.