Çin nüvə döyüş başlıqları üçün komponentlərin istehsalı ilə əlaqəli gizli obyektlər şəbəkəsini aktiv şəkildə modernləşdirir.
“AzPolitika” bildirir ki, bu barədə “The Washington Post” qəzeti peyk görüntülərinə əsaslanan araşdırmaya istinadən məlumat yayıb.
Qəzetin yazdığına görə, modernizasiya işləri Pekinin mümkün hücuma daha sürətli cavab vermək imkanlarını artırmaq səyləri fonunda aparılır və indiyədək analitiklərin əsas diqqət mərkəzində olmayan nüvə infrastrukturunun mühüm elementlərinin yeniləndiyini göstərir.
Məlumatda bildirilir ki, peyk görüntülərinin təhlili Vyanada yerləşən “Open Nuclear Network” təşkilatının və Londondakı VERTIC mərkəzinin mütəxəssisləri tərəfindən aparılıb. Ekspertlər görüntüləri məxfilikdən çıxarılmış sənədlər, elmi nəşrlər və hərbi texnikanın hərəkəti ilə bağlı məlumatlarla müqayisə ediblər. Təhlillər nəticəsində nüvə döyüş başlıqlarının istehsalında iştirak edən ən azı altı obyekt müəyyən edilib.
“The Washington Post” qeyd edir ki, bu obyektlərin genişləndirilməsinin ən aktiv mərhələsi 2021-ci ildən başlayıb.
Xüsusilə, son beş ildə Sıçuan əyalətinin dağlıq ərazisində yerləşən və analitiklərin plutonium nüvələrinin istehsalı ilə əlaqələndirdiyi müəssisədə genişmiqyaslı yenidənqurma aparılıb. Bildirilir ki, obyektin mühafizə olunan ərazisi böyüdülüb, mövcud binalar yenilənib və yeni tikinti sahələri yaradılıb.
Bununla yanaşı, Sıçuandakı digər bir obyektdə də oxşar işlər aparılır. Həmin obyektin nüvə reaksiyasını işə salmaq üçün istifadə olunan partlayıcı komponentlərin istehsalı ilə bağlı olduğu ehtimal edilir. Məlumata görə, 2021-ci ildən etibarən burada qoruyucu divar inşa olunub və ehtimal ki, yeni saxlama anbarı tikilir.
Qəzet yazır ki, Tszytun rayonunda isə 2024-cü ildə təxminən 40 min kvadratmetr sahəni əhatə edən yeni obyektin tikintisi başa çatdırılıb. Ekspertlərin fikrincə, bu kompleks döyüş başlıqlarının komponentlərinin yığılması və hazırlanması üçün istifadə oluna bilər.
Analitiklər hesab edirlər ki, yaxın perspektivdə Çinin nüvə arsenalı ABŞilə müqayisə edilə biləcək səviyyəyə çatmayacaq. Lakin nüvə proqramı üzrə demək olar ki, bütün istiqamətlərdə müşahidə olunan dəyişikliklər Pekinin uzunmüddətli silahlanma yarışına hazırlaşdığını göstərir.
Xatırladaq ki, daha əvvəl “Reuters” agentliyi Pentaqonun məxfi hesabatına istinadən Çinin 2030-cu ilə qədər nüvə döyüş başlıqlarının sayını min vahiddən çox artıra biləcəyini və Tayvan ətrafında mümkün münaqişə fonunda hərbi hazırlıqları sürətləndirdiyini bildirmişdi.
Rasim
“AzPolitika.info”

Şərhlər