Maduro ABŞ məhkəməsində cinayət ittihamları ilə mühakimə olunacaq.

"AzPolitika" xəbər verir ki, bu barədə senator Mayk Linin Dövlət katibi Rubioya istinadən məlumat verib.

"Rubio mənə bildirib ki, Nikolas Maduro Birləşmiş Ştatlarda cinayət ittihamları üzrə məhkəmə araşdırmasının keçirilməsi üçün amerikalı hərbçilər tərəfindən həbs edilib və bu gün şahidi olduğumuz güc tədbirlərinin məqsədi həbs orderini icra edənləri müdafiə etmək olub", - o qeyd edib.

M.Linin sözlərinə görə, Rubio bildirib ki, Maduronu ABŞ-də cinayət ittihamları ilə əlaqədar məhkəmə prosesi gözləyir.

"Bu fəaliyyətlər yəqin ki, ABŞ heyətinin faktiki və ya qaçılmaz hücumdan müdafiəsi üçün Konstitusiyanın II maddəsinə əsasən prezidentin ayrılmaz səlahiyyətlərinə aiddir. O, Maduronun ABŞ-də həbsdə olması ilə əlaqədar Venesuelada başqa fəaliyyətlər gözləmir", - deyə senator vurğulayıb.

O, əlavə edib ki, ABŞ-ın Venesuelaya qarşı bundan sonra zərbələr endirməyi planlaşdırmır.ə

Bu arada sosial şəbəkələrdə Venesuela Prezidenti Nikolas Maduronun ABŞ hərbçiləri tərəfindən saxlanılmasına dair iddia olunan fotoşəkil yayılıb.

Görüntülərdə Maduronun ABŞ xüsusi təyinatlılarının nəzarəti altında olduğu əks olunub.

Qeyd edək ki, Qərb mediasının məlumatına görə, Maduronun yaxın ətrafından biriləri satıb. 

Belə ki, ABŞ hakimiyyəti Venesuela prezidenti Nikolas Maduronun yerini deyən şəxsə 50 milyon dollar mükafat elan etmişdi. Bu gün prezidentin və xanımının həbsi məhz həmin pulu alan informatorun onların yerini deməsi sayəsində qısa zamanda uğurla yekunlaşdığı bildirilir. Həmin məlumatı verən şxsin kimliyi açıqlanmır.

Bununla belə yayılan məlumatların doğruluğu və fotonun orijinallığı, çəkilmə vaxtı ilə bağlı Venesuela hakimiyyəti, eləcə də beynəlxalq qurumlar tərəfindən hər hansı rəsmi açıqlama verilməyib. Məlumatlara görə, görüntü əsasən anonim mənbələr və qeyri-rəsmi kanallar vasitəsilə dövriyyəyə buraxılıb. Bir sıra ekspertlər fotonun əvvəlki illərə aid arxiv materialı ola biləcəyini, yaxud manipulyasiya edilmiş görüntü ehtimalını da istisna etmirlər. 

Onu da qeyd edək ki, beynəlxalq agentliklər Nikolas Maduronun artıq ABŞ-də nəzarət altında saxlanıldığını bildirirlər. Məlumata görə, Venesuela lideri narkoticarət və korrupsiya da daxil olmaqla bir sıra ağır cinayət ittihamları ilə Amerika məhkəməsi qarşısına çıxarılacaq.