Sosial şəbəkələrdə falçıya gedən insanların uzun növbədə dayandığını əks etdirən foto yayılıb. Bu görüntü cəmiyyətdə falçılığa marağın hələ də qaldığını göstərir.

Halbuki ötən il falçılara müraciət edənlərə qarşı tədbirlərin görüləcəyi ilə bağlı müzakirələr aparılırdı. Buna baxmayaraq, bəzi insanlar müxtəlif səbəblərdən falçılara üz tutmaqda davam edirlər. Bu vəziyyət həm hüquqi, həm də sosial baxımdan suallar yaradır.

Falçılara qarşı sərt tədbirlərin görülməsini etiva edən qanunlar, qərarlar qəbul edilə bilərmi? Ümumiyyətlə, cəmiyyətdə falçılara marağın aradan qalxması üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı “Azpolitika”-ya açıqlamasında deputat Fazil Mustafa bildirdi ki, cəmiyyətimizdə təhsil səviyyəsi aşağı düşdükcə falçılığa meyillilik daha da artır: “Falçılara əsasən təhsilsiz, cahil insanlar müraciət edirlər. Bu tip insanların cəmiyyətdəki sayı isə oxumuş, dünyagörüşü geniş insanlarla müqayisədə çoxdur. Bu baxımdan cəmiyyətin qadağalar yolu ilə cadugərliyə və falçılığa inanmasının qarşısını almağa çalışmaq sadəlövhlük olardı”.

Deputatın sözlərinə görə, kifayət qədər varlı və imkanlı insanlar var ki, pul qazansalar da, mahiyyətcə cahildirlər və vəsaitlərini falçıya, caduya xərcləyirlər.

F.Mustafa vurğulayıb ki, bu sahədə qadağalar tətbiq edilsə, falçıların “xidməti”nin qiyməti daha da artacaq və onlar insanları qeyri-rəsmi, qaranlıq yollarla öz təsirləri altına salacaqlar.

“Biz bu məsələdə qadağa yox, maarifçilik və təhsili gücləndirmə yolunu seçməliyik ki, insanlar öz ağlı və idrakı ilə qərar verə bilsinlər, falçıların iradəsinə tabe olmasınlar”, – deyə o, bildirib.

Deputat onu da qeyd edib ki, hazırda görünən növbələr hələ tam mənzərəni əks etdirmir, çünki bir çox insanlar utandıqları üçün açıq şəkildə görünmək istəmirlər.

Onun fikrincə, falçılığı qanunla qadağan etmək siqareti qanunla qadağan etməyə bənzəyir: “Onsuz da qara qapalı olsa da çəkəcəklər. Biz fərqli yol, maarifçilik yolu izləmələyik”.

Oğuz Ayvaz 

“AzPolitika.info”