İlham Şaban: “Azərbaycan gündəlik olaraq bazara yalnız bir tanker çıxara bilir

Neft Araşdırmaları Mərkəzinin rəhbəri, iqtisadçı İlham Şaban ölkəmizin neftinin qiymət artımı və bunun büdcəyə təsiri barədə detalları açıqlayıb.

İ.Şaban bildirib ki, Azərbaycanın neftinin hazırkı qiyməti – barelə görə 71 dollar dövlət büdcəsi üçün əlavə gəlir deməkdir. Onun sözlərinə görə, dövlət büdcəsi 2025-ci il üçün ixrac neftinin orta illik qiymətini barelə görə 65 dollar səviyyəsində hesablayıb. Buna görə də 65 dollardan baha satılan hər barel “qara qızıl” büdcəyə əlavə vəsait gətirir.

“Gündəlik qiymət dəyişiklikləri anbaan bazarda baş verir və daha çox ‘sevinc’ və ‘məyusluq’ göstəricisi rolunu oynayır. Çünki neft qiymətləri dünya bazarında partiya-partiya dəyişir”, – deyə ekspert vurğulayıb.

İ.Şaban qeyd edib ki, Azərbaycan gündəlik olaraq bazara yalnız bir tanker çıxara bilir. Energetika Nazirliyinin məlumatlarına əsasən, ölkəmizin orta günlük neft və kondensat ixracı təqribən 470 min barel təşkil edir. Adətən 600 min–1 milyon barelik tankerlərdən istifadə olunur. Bununla əlaqədar KİV-lərdə həftədə 4–5 dəfə Azərbaycanın neft ixracı ilə bağlı məlumatlar verilsə də, faktiki olaraq Ceyhan limanından “Azeri Light” markası altında kiçik həcmdə neft satılır.

“Neftin qiyməti bir gün əvvəlkindən 1 dollar baha olarsa, demək olar ki, orta hesabla 470 min dollar əlavə gəlir qazanmaq imkanı yaranır”, – Şaban əlavə edib.

Ekspert bildirib ki, Ceyhan vasitəsilə ixrac edilən neft BTC Blend adlanır. Bu, Azərbaycan neftinin yanında, Xəzərin digər sahillərindən tranzitlə daşınan həcmləri də əhatə etdiyi üçün belə adlandırılır.

Neft qiymətlərinin formalaşması

İlham Şaban vurğulayıb ki, Azərbaycan nefti 1998-ci ildən qlobal bazara çıxsa da, qiymətləri hərraclarda müəyyənləşmir. Neft “spot” qiymətləri ilə satılır, yəni satıcı ilə alıcı arasında razılaşdırılır. Qiymətə həmin gün dünya birjalarında olan göstəricilər, satıldığı və boşaldıldığı terminalda tələb-təklif təsir göstərir.

“Neftin rəsmi qiymətini Azərbaycanda heç bir qurum elan etmir. KİV-lərin yaydığı qiymətlər isə yerli bazara ‘sızdırılan’ məlumatlardır və mənbəsi göstərilmir. Orta aylıq ixrac qiymətləri açıqlanmır, bəzən Maliyyə Nazirliyi yarımillik məlumatları paylaşır, yaxud Milli Məclisdə büdcə müzakirələri zamanı ilin 9 ayına dair ortalama qiymətlər verilir”, – ekspert deyib.

İ.Şaban əlavə edib ki, KİV-lər daha çox əhval-ruhiyyəni artıran göstəricilərə fokuslanır, lakin dövlət büdcəsinə daxil olmalı olan həqiqi gəlir fərqli olur.

FOB və CIF müqavilələri

Ekspert izah edib ki, Ceyhandan çıxarılan neft böyük əksəriyyətlə FOB müqaviləsi əsasında satılır. Bu tip müqavilədə alıcı nefti tankerə qədər alır və satıcının öhdəliyi bitir. CIF müqavilələrində isə neft alıcının təyin etdiyi limana çatdırılır, bu zaman qiymət baha olur. Bunun səbəbi neftin yükə yüklənməsi, daşınma (fraxt), sığorta və logistik xərclərin satıcı tərəfindən ödənilməsidir.

“Bugünkü KİV-lərdə yayılan 71,75 dollar/barel qiyməti CIF müqaviləsi üzrədir. FOB müqavilələrində isə qiymət 69,62 dollar/barel təşkil edib. Fərq hər bareldə 2,17 dollardır”, – Şaban bildirib.

O əlavə edib ki, AR Dövlət Neft Fondunun və Hesablama Palatasının illik hesabatlarında orta ixrac qiymətinin xalis dəyəri daha dəqiq əks olunur. FOB müqaviləsi ilə 65 dollara satılan neftin hər bareldən gələn real vəsait, bank rüsumları və gömrük xərcləri çıxıldıqdan sonra hesablanır.

Rasim

“AzPolitika.info”