Menu

Türkiyədə kürdlər arasında 10 saatdır atışma gedir: ölənlər var

27.12.2014, 15:48
Türkiyədə kürdlər arasında 10 saatdır atışma gedir: ölənlər var

Türkiyənin Şırnak bölgəsində bu gün səhər saat 5 radələrində iki qrup arasında başlayan silahlı qarşıdurma bu saatlara qədər - hələ də davam edir.Türkiyə mətbuatı xəbər verir ki, PKK-nın gənclər qolu kimi tanınan Yurdsevər Demokratik Gənclik Hərəkatı (YDGH) üzvləri ilə Hür-Dava Partiyasının üzvləri arasında atışma sübh tezdən başlayıb.

Şırnakın Cizrə bölgəsində başlayan atışma zamanı tərəflər küçələrdə səngərlər qazıb. İlkin məlumatlara görə, atışma zamanı 2 nəfər ölüb, 3 nəfər yaralanıb.

Türkiyə polisi və ordu hadisəyə müdaxilə etməkdə çətinlik çəkir. Səbəb atışmanın getdiyi küçələrdə səngərlərin qazılması və hərbi texnikanın olay yerinə girə bilməməsidir.

Hür-Dava Partiyası 2013-cü ildə yaradılıb. Üzvlərinin əksəriyyəti kürdlərdir. PKK bu partiyanı “Hizbullah” terror təşkilatına xidmət etməkdə suçlasa da onlar bunu inkar edir. Partiyanın nizamnaməsində yeni bir cəmiyyət yaratmaq, kürdlərin azadlığını təmin etmək, dini məsələlərdə insanlara azadlıq vermək, sosial məsələlərdə ölkə vətəndaşları arasında bərabərliyə nail olmaq və s. məramlar yer alır.

Onu da əlavə edək ki, son zamanlar PKK ilə Hür-Dava Partiyasının tərəfdarları arasında tez-tez toqquşmalar baş verir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol