Ukrayna Prezidenti Volodimir Zelenski yanvarın 20-si axşam saatlarında bildirib ki, Rusiyanın son raket və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlardan sonra Kiyevdə bir milyondan çox istehlakçı hələ də elektrik enerjisiz qalıb.

Onun sözlərinə görə, hazırda Ukrayna paytaxtında 4 mindən artıq çoxmərtəbəli yaşayış binası istiliklə təmin olunmur. Zelenski qeyd edib ki, səhər saatlarında istiliksiz qalan binaların sayı təxminən 5 min 600 olub, sonradan onların bir hissəsinə istilik verilməsi bərpa edilib.

Prezident vurğulayıb ki, yaranmış vəziyyətdən çıxış üçün təcili tədbirlər görülməlidir. Bu tədbirlərə elektrik enerjisinin istehsalı və istehlakının yenidən bölüşdürülməsi də daxildir. Zelenskinin sözlərinə görə, sözügedən məsələlər hökumət səviyyəsində müzakirə olunmalıdır.

Ukrayna lideri eyni zamanda Rusiya pilotsuz uçuş aparatlarının zərərsizləşdirilməsi ilə bağlı Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin fəaliyyətini qənaətbəxş hesab etmədiyini bildirib. O qeyd edib ki, bu mövzunu yeni müdafiə naziri Mixail Fyodorovla müzakirə edib.

Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, yanvarın 20-nə keçən gecə Rusiya ordusu Ukrayna ərazisinə 372 raket və pilotsuz uçuş aparatı ilə zərbə endirib. Bildirilib ki, onlardan 342-si məhv edilib və ya zərərsizləşdirilib. Hücumların əsas hədəfi energetika obyektləri olub, o cümlədən Kiyevdə yerləşən enerji infrastrukturu ciddi ziyan görüb.

Elektrik enerjisinin kəsilməsi ilə bağlı məlumatlar təkcə paytaxtdan deyil, Ukraynanın digər regionlarından da daxil olub.

Rusiya Müdafiə Nazirliyi isə yanvarın 20-nə keçən gecə Ukraynada hərbi hədəflərə, o cümlədən energetika və nəqliyyat infrastrukturuna qarşı kütləvi zərbə endirildiyini açıqlayıb. Nazirliyin iddiasına görə, bu obyektlər Ukrayna ordusunun maraqları üçün istifadə olunur.

Bununla yanaşı, Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Ukraynada hücumların atom elektrik stansiyalarının təhlükəsizliyi üçün ciddi risklər yaratdığını bəyan edib. Agentliyin rəhbəri Rafael Qrossinin açıqlamasına əsasən, Çernobıl Atom Elektrik Stansiyası tam şəkildə xarici enerji təchizatından ayrılıb, digər AES-lərə gedən xətlər də zərər görüb.

“AzPolitika.info”