Ermənistanın Baş naziri Nikol Paşinyan iyun seçkilərindən sonra müşaviri Lilit Makuntsu parlamentin spikeri vəzifəsinə təyin etmək niyyətindədir.
“AzPolitika” xəbər verir ki, bu barədə Ermənistanın müxalif “Hraparak” nəşri məlumat yayıb.
Qəzetin məlumatına görə, Paşinyan partiyadaxili səsverməni elə qurmağı planlaşdırır ki, seçki siyahıları təsdiqlənərkən Makunts ən çox səs alsın.
Qəzet qeyd edir ki, Paşinyan prosesin formal olaraq demokratikliyini nümayiş etdirmək üçün səsvermənin iki mərhələdə keçirilməsini planlaşdırır. Birinci mərhələdə nümayəndələr siyahıda yer ayırmadan 50 namizəd seçəcəklər. İkinci mərhələdə konkret vəzifələr elan ediləcək. Paşinyan isə məhz ikinci mərhələdə Lilit Makuntsun hakim partiyanın seçki siyahısında yüksək yer tutmasını təmin etmək niyyətindədir.
Lilit Makunts 7 yanvar 1983-cü ildə İrəvanda anadan olub. İxtisasca filoloqdur. 2005-ci ildən Makunts Rusiya-Ermənistan Universitetində dərs deyib. 2018-ci ilin fevral ayında universitetin Beynəlxalq Münasibətlər və Əməkdaşlıq Departamentinin müdiri təyin edilib. 2016-cı ildən 2018-ci ilə qədər ABŞ səfirliyində Sülh Korpusunda çalışıb.
2004-cü ildən 2012-ci ilə qədər Lilit Makunts Ermənistan Liberal Partiyasının idarə heyətində və həmçinin onun gənclər təşkilatının lideri vəzifəsində yer tutub.
2012-ci ildə o, Ermənistan parlamentinə namizədliyini irəli sürüb, lakin cəhdi uğursuz olub.
12 may 2018-ci ildə Ermənistanın Baş naziri Nikol Paşinyanın təklifi ilə Prezident Armen Sarkisyan Lilit Makuntsu ölkənin mədəniyyət naziri təyin edib. 2018-ci il seçkilərində o, hakim partiyadan parlamentə üzv seçilib və 2019-cu ilin yanvar ayında "Mənim Addımım" parlament fraksiyasının rəhbəri olub.
2021-ci ilin avqust ayında diplomatik təcrübəsi olmayan Makunts Paşinyanın təşəbbüsü ilə Ermənistanın ABŞ-dəki səfiri təyin edilib və 2025-ci ilin avqustuna qədər bu vəzifədə çalışıb. Onun təyinatı həm Ermənistan daxilində, həm də ABŞ-dəki erməni diasporu arasında tənqidlə qarşılanıb. Səfir vəzifəsindən geri çağırılandan sonra isə Baş nazirin baş müşaviri təyin edilib.
“AzPolitika.info”

Şərhlər
Çünki Lilit Paşikin arvadı Ananın ən yaxın podruqasıdır. Anna deyir təyin et, Paşik də əlini soldat kimi gicgahına qoyub "qlkhivayr Annuşka deyir. Vəssalam. Arvad yıxan evi heç fələk də yıxa bilməz....