Məlum olduğu kimi, Azərbaycanda qaz və elektrik enerjisi tarifləri ölkə üzrə eynidir. Məsələn, Bakı kimi iqlimi mülayim, gəlirləri yüksək şəhərlərlə qışı sərt keçən, sosial-iqtisadi imkanları məhdud rayonlarda yaşayan vətəndaşlar eyni kommunal tariflər üzrə ödəniş edirlər.
Xüsusilə dağlıq və ucqar rayonlarda qış aylarında temperaturun –15, hətta –20 dərəcəyədək düşdüyü hallarda əhalinin qaz və elektrikdən istifadə həcmi kəskin artır. Amma bu bölgələrdə yaşayanlar nə daha ucuz tarifdən, nə də fərqli güzəştdən yararlana bilir. Halbuki Bakıda və digər iri şəhərlərdə iqlim daha mülayimdir, istilik mövsümü daha qısadır və alternativ enerji mənbələrinə çıxış imkanları genişdir. Məsələnin digər tərəfi isə əmək haqqı fərqləridir.
Dövlət Statistika Komitəsinin ötən ilə olan məlumatına görə, Azərbaycanda Bakı şəhərində orta aylıq nominal əmək haqqı 1357,3 manat, Sumqayıtda isə 954,6 manat təşkil edib. Eyni zamanda, ölkə üzrə ən aşağı orta aylıq əmək haqqı Qax rayonunda — cəmi 570,3 manatdır. Xızı (625,8 manat), İsmayıllı (641,3 manat), Naftalan (656,4 manat), Ağsu (671,5 manat) kimi rayonlarda da maaşlar paytaxtla müqayisədə xeyli aşağıdır.

Belə olan halda, aylıq gəliri 570 manat olan Qax sakini ilə 1350 manat qazanan Bakı sakininin eyni qaz və işıq tarifini ödəməsi nə dərəcədə əsaslıdır?
Sözügedən məsələ bu günlərdə parlamentdə də gündəmə gətirilib. Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Eldar İbrahimovun bu yaxınlarda səsləndirdiyi fikir məhz bu sualı yenidən gündəmə gətirib. Deputat kənd yerlərində kommunal xidmətlərin şəhərlərə nisbətən daha ucuz olmasını təklif edib.

“Camaat kənddən şəhərə niyə gəlir? Çünki kənddə yaşayan adamla şəhərdə yaşayan adamın işığa, qaza, suya görə ödədiyi pul eynidir. Halbuki kənddə az olmalıdır, çünki orada yaşayanlar şəhər sakinləri kimi zavodda işləyib maaş almırlar”, - deyə o qeyd edib.
Məlumat üçün qeyd edək ki, 2025-ci ilin yanvarından etibarən Azərbaycanda qaz və elektrik enerjisi tariflərində dəyişiklik edilib. Elektrik enerjisi üçün aylıq:
- 200 kVt/s-dək — 8,4 qəpik;
- 300 kVt/s-dək — 10 qəpik;
- 300 kVt/s-dən yuxarı — 15 qəpik;
Qaz üçün isə illik:
- 1200 m³-dək — 12,5 qəpik;
- 2500 m³-dək — 22 qəpik;
- Daha yuxarı həcm üçün — 30 qəpikdir.
Bundan əlavə, 2026-cı il yanvarın 1-dən etibarən əhali qaz və elektrik enerjisi üçün hərəsinə 1 manat olmaqla sabit tarif ödəyəcək. Tarif Şurası bu qərarı dekabrın 30-da elan edib. Bu o deməkdir ki, evində qaz və ya elektrik sayğacı olan hər kəs istifadə edib-etməməsindən asılı olmayaraq bu sabit tarifi ödəməli olacaq. Hətta mənzili boş olan və faktiki yaşamayan şəxslər belə, xidmət onlara əlçatandırsa, ödəniş etməlidir. Sahibkarlıq məqsədilə istifadə edənlər üçün isə sabit tarif 3 manat müəyyən edilib.
Bu barədə iqtisadçı Xalid Kərimli “AzPolitika”ya şərhində bildirib ki, kənddə yaşayan insanlar üçün kommunal – xüsusilə elektrik enerjisi tariflərinin ucuzlaşdırılması iqtisadi baxımdan səmərəli yanaşma deyil və bu addım enerji resurslarının israfına yol aça bilər.

Onun sözlərinə görə, daha ucuz tariflər enerji resurslarına qənaəti təşviq etmir, əksinə, insanların israfçı davranışına səbəb ola biləcək amilə çevrilir. Ucuz qiymətlər kənddə mövcud problemləri həll etməyəcək, sadəcə istehlakı artıracaq.
İqtisadçı vurğulayıb ki, kənddən şəhərə miqrasiyanın əsas səbəbi kommunal tariflərin eyni olması deyil: "Burada əsas problemlər iş yerlərinin çatışmazlığı, təhsil və səhiyyə xidmətlərinə çıxışla bağlıdır. Gənclər ali təhsil almaq üçün şəhərə gəlir, çünki iş, karyera imkanları və sosial həyat şəhərlərdə kəndlə müqayisədə daha genişdir. Kənddən şəhərə köçən insanlar üçün əsas problem hansısa xidmətin bahalığı deyil".
Xalid Kərimli hesab edir ki, əgər hökumət bu sahədə dəstəyi artırmaq istəyirsə, bunu ünvanlı sosial yardım mexanizmi vasitəsilə etməlidir: "Yəni, ehtiyacı olan ailələrə daha çox vəsait ayrılmalı, minimum istehlak səbətində kommunal xidmətlərin payı artırılmalıdır. Bu halda xüsusilə həssas sosial qruplara dəstək yönəldilə bilər və kommunal xərclərin yüksək olması səbəbindən həmin şəxslərin həyat şəraiti yaxşılaşar".
İqtisadçının fikrincə, kənd və şəhər arasında kommunal tariflərdə fərq qoyulması ədalətsiz nəticələr doğura bilər:"Belə ki, şəhərdə yaşayan kasıb ailə daha çox ödəniş edəcəyi halda, kənddə yaşayan varlı ailə daha az tarif ödəyəcək. Bu isə ciddi diskriminasiya problemi yarada bilər. Əgər məqsəd kənddən şəhərə miqrasiyanın sürətini azaltmaqdırsa, bunun yolu kommunal tariflərin endirilməsi deyil, kənd yerlərində iş yerlərinin açılması, kənd təsərrüfatının inkişafı və iqtisadi aktivliyin artırılmasıdır. Bu cür populist yanaşmalar qeyri-effektiv olacaq və dövlət resurslarının səmərəsiz istifadəsinə gətirib çıxara bilər".
Xalid Kərimli qeyd edib ki, kənd üçün daha ucuz tarif müəyyən edilərsə, bu fərq faktiki olaraq şəhərdə yaşayan vətəndaşların hesabına kompensasiya olunacaq və şəhərlərdə yalnız varlılar yaşamır, hətta kəndlərdən də daha kasıb əhali qrupları mövcuddur.
Dünya təcrübəsi nə deyir?
Bir sıra ölkələrdə kommunal tariflər regionun iqlimi, əhalinin gəlir səviyyəsi və sosial vəziyyət nəzərə alınmaqla diferensiallaşdırılır.

Məsələn, Almaniyada tariflər bazar prinsipi ilə formalaşsa da, soyuq regionlarda yaşayanlar üçün istilik xərclərinə dövlət subsidiyaları verilir, həmçinin aşağı gəlirli ailələr üçün ayrıca enerji dəstəyi mövcuddur.
Fransada da “enerji çeki” sistemi var. Kənd və ucqar ərazilərdə yaşayan, gəliri az olan ailələr kommunal xərclər üçün birbaşa yardım alır, yəni tarif eyni olsa da, faktiki ödəniş fərqlənir.
İtaliyada dağlıq və soyuq bölgələrdə, xüsusilə Alp zonasında qaz və elektrik üçün regional kompensasiyalar tətbiq olunur, kənd yerlərində sosial tariflər mövcuddur.
Norveçdə isə şimal və sərt iqlimli bölgələrdə istilik xərclərinin bir hissəsi dövlət tərəfindən qarşılanır.
Kanada da tariflər əyalətlər üzrə fərqlidir. Şimal və az məskunlaşmış bölgələrdə enerji xərclərinə subsidiya proqramları var, kənd yerləri üçün ayrıca dəstək mexanizmləri tətbiq olunur.
Türkiyədə də son illərdə “sosial tarif” tətbiq edilir. Belə ki, kənd yerlərində və aşağı gəlirli ailələr üçün qaz və işıqda endirimlər mövcuddur. Burada da iqlim və sosial durum nəzərə alınır.
E. Bəyməmmədli
"AzPolitika.info"

Şərhlər
Millətə yanmaq üçün insanda Allaha inam olmalıdir ya da zərrəcə vicdan.
Danisirsize bolgede tarifi salsag xeyir ekemiyecek niye elemir.toxun acdan ne xeberi.mende tarif surasi kimi aylig yuksek maas alsaydim ne vecimeydiki kim ne qakdirdi saldi.halva halva dimeynen agiz sirin olmur.milletin derdine yanmag lazim bu milletin sayesinde siz varsizz bu vezifede.millet olmasa kime qoyardiz bu tarifkeri goresen amerkalilarami yoxsa rusdaram.milletin sesini esidin
Qaz olsa qaza pul vurariq olmayib bele getse olasda deyil.
Qazın limitini levğ olusa yaxşıdı bir aya 160 manat neter verim işiqi var suyu var mayış cox azdı praduq bahadı mayşda 350 gel dolan
Dövlətimizin hər bir üzvü minimum əməkhaqqı ilə dolanır. İnanın buna. Hələ pulları artıq da qalır, gedib xaricdə biznes qururlar, villalar alırlar!!!
Şeherde yaşayan heç ilə 1200 kubu işledib qurtarmır amma rayonlarda kəndlərdə yaşayanlar 2 aya 1200 kubu yandırıb qurtarır yeni qışın ortasında rayon kənde yaşayanlar 30 qəpiyə keçir heç olmasa qış aylarında qaz pulunu qış çıxana kimi 12 qəpikdən eləsələr daha yaxşı olura qış çıxandan sora yenə 30 qepi keçsin sadəcə qış aylarında endirim etsinler ki insanlar heç olmasa evinde isdiliyi olsun 400 manat pensiya alan bilmir yemek alıb yesin yoxsa qaz pulu ödəsin çətinlik çəkir insanlar
Azerbaycanda butun yuxari orqan emekdaslari xalqi sozun esl menasinda saqir, ozumuzu vuran baltalarin saplari ozumuzdendi...
bu o deməkdir ki öl ay millət öl.
Bütün kommunal tarifləri hökümət təsdiq edir və bu təşkilatlar təbii dövlət inhisarçıları hesab olunur. Yumurtanın qiyməti biraz qalxan kimi ən yüksək səviyyədə toplantı keçirilir bu toyuqları saxlayan "Fatmanisə xalanın süni qiymət artımında(?) günahlandırılır və ən azı həbs olunması tələb olunur". "Öz gözündə tiri görməyənlər, başqa gözdə qıl axtarır" el deyimi yada düşür.
Vətəndaşlarına güzəşt tətbiq edən ölkələrin hökumət adamları dövlət məsuliyyətini anlayır, xalqlarının rifahı üçün düşünür və çalışırlar. Bizim məmurlara baxanda adamın gülməyi gəlir...
İllər öncə elə tam demokrat AzPolitikada sadə vətəndaşlrımızın ölkəmiz, beynəlxalq münasibətlər, digər iqtisadi sahələr üzrə samballı, sərfəli və səmərəli təklifləri məqalə və şərhlərdə belə biri-digərini əvəzləyirdi!? Bu başlığın şərhlərlə birbaşa Milli Məclisə, Komitə sədrlərinə *Nədən, Azərbaycanda orta əmək haqqı qonşulardan aşağıdır?* sualını göndərmək kifayət olar?
Vallahi biyabrciliqdi))) qaz ishiq cox baha cox baha,,, qonsu ölkelere baxanda,,, axi biz neylemishik ? Niye bele edirsiz ?aqlamaqda olmur , qülmekde,,,
BaKIDA 1357 MANAT NOMINAL EMEK HAQQI ?
SUMQAYITDA 950 MANAT ? ZARAFAT EDIRSIZ?
ZARAFAT EDIRSIZ.....?
Heç Türkmənistan, Qazaxıstana baxanda utanırsız ?
Mən heçnə deyə bilmərəm hökumət nə qərar verəcək amma mən Türkmənistan, Qazaxıstan ,İran kimi neft ölkələrinə baxanda onlarla müqayisə ediləndə utanırıq Azərbaycanın inkişafından danışmağa haqqınız yoxdur. Türkmənistanda, Qazaxıstan da neft limitlə ödənişsiz verilir limiti keçdikdə cüzi qəpik quruş olur amma bizdə digər ölkələrə verilən qiymətfən baha limiti keçdikdə 2 qat artıq ayıbdı
Dövlət heç vaxt qiymətləri endirməz. Sadəcə elə bir hiyləyə atacaq ki kəndlə şəhər arasında fərq olacaq. Yani bölgələrdə indiki qiyməti saxlayıb Bakıda qiyməti artıracaq.