Azərbaycan Dövlət Gömrük Komitəsinin bir sıra əməkdaşlarına ali xüsusi rütbələr verilib.
“AzPolitika” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Dövlət Gömrük Komitəsinin aşağıdakı əməkdaşlarına ali xüsusi rütbələr verilib:
“Gömrük xidməti general-polkovniki” ali xüsusi rütbəsi
Şahin Soltan oğlu Bağırov – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri
“Gömrük xidməti general-mayoru” ali xüsusi rütbəsi
Fuad Elxan oğlu Məmmədov – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini
Fuad Mikayıl oğlu Aslanov – Rəqəmsal İdarəetmə Baş İdarəsinin rəisi
Elmir Bahadur oğlu Ramazanov – Bakı Baş Gömrük İdarəsinin rəisi.

Qeyd edək ki, Şahin Soltan oğlu Bağırov 12 yanvar 1965-ci ildə Bakı şəhərində anadan olub.
1986-cı ildə Voronej Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirdikdən sonra Azərbaycan Respublikasının Aqrar Sənaye Kompleks sistemində çalışıb.
1992-ci ildən gömrük orqanlarında fəaliyyətə başlayıb və Bakı Baş Gömrük İdarəsinin inspektoru, “Əli-Bayramlı” gömrük postunun rəisi, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsində, Daxili Təhlükəsizlik İdarəsində, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəis müavini və sonradan həmin idarənin rəisi vəzifəsində çalışıb.
Şahin Bağırov 2003-cü ildə Rusiya Gömrük Akademiyasının “Gömrük işi” fakültəsini bitirib. 2004-cü ildə həmin akademiyanın aspiranturasını başa vuraraq iqtisad elmləri namizədi dərəcəsinə yiyələnib.
2010-cu ildə Azərbaycan Respublikasının iqtisadi mənafelərinin qorunmasında xidmətlərinə və gömrük orqanlarında səmərəli fəaliyyətlərinə görə Prezidenti tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
2012-ci ildə Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenı alıb.
2014-cü ilin yanvar ayında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədr müavini vəzifəsinə təyin edilib. (O vaxt Dövlət Gömrük Komitəsinə general Aydın Əliyev rəhjbərlik edirdi-red.).
2014-cü il fevralın 3-də prezidentin müavfiq sərəncamı ilə ona gömrük xidməti general-leytenantı rütbəsi verilib.
6 iyul 2018-ci ildə Şahin Soltan oğlu Bağırov Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsindən azad edilib.
Şahin Bağırov gömrük sistemindən çıxarılandan sonra Əmlak Məsələləri Dövlət Xidmətində çalışıb.
Ailəlidir, iki övladı var.

Fuad Elxan oğlu Məmmədov – 1992-ci ildə Bakı şəhərində anadan olub.
2008-2012-ci illərdə Bakı Dövlət Universitetinin Gömrük işinin təşkili ixtisası üzrə bakalavr təhsili alıb. 2012-2013- cü illərdə hərbi xidmətdə olub.
2013-2015-ci illərdə Bakı Dövlət Universitetində Gömrük işi ixtisası üzrə magistr təhsili, 2017-2020-ci illərdə Dünya iqtisadiyyatı ixtisası üzrə doktorantura təhsilini alıb.
2015-ci ildə gömrük orqanlarına xidmətə qəbul müsabiqəsində yüksək nəticə əldə edərək Xaçmaz Gömrük İdarəsinin inspektoru təyin edilib. 2016-2018-ci illərdə - Dövlət Gömrük Komitəsinin Akademiyasında müəllim kimi fəaliyyət göstərib. 2017-2022-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin "Sabah" qrupları və "Beynəlxalq İqtisad Məktəbi"ndə tədris edib.
2018-2021-ci illərdə Komitə aparatının Gömrük tarifləri və tarif təsnifatının tətbiqi şöbəsinin böyük inspektoru vəzifəsində işləyib. 2022-2023 - cü illərdə həmin şöbənin rəisi olub.
2023-2024- cü illərdə Gömrük Siyasəti Baş İdarəsinin Ticarət Siyasəti İdarəsinin rəisi vəzifəsində işləyib. 2024-cü ildə Komitənin Ümumdünya Gömrük Təşkilatındakı (Belçika Krallığında) nümayəndəsi (gömrük attaşesi) təyin edilib. 2021-ci ildən etibarən Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına üzvolma danışıqlarında Komitəni təmsil edir.
Azərbaycan Respublikası Prezidentinin 12 mart 2025-ci il Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edilib.
Rus və ingilis dillərini sərbəst bilir.
Ailəlidir, 1 övladı var.

Fuad Mikayıl oğlu Aslanov – 1979-cü ildə Bakı şəhərində anadan olub.
1996-2000-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında Kompyuter Elmləri ixtisası üzrə təhsil almışdır. ADNA-nı bitirdikdən sonra, 2006-2008-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin magistratura pilləsinə daxil olub və Biznesin İdarəolunması ixtisası üzrə təhsil alıb. Eyni zamanda 2017-2019-cu illərdə ABŞ Çikaqo Universitetinin Biznesin İdarəolunması ixtisası üzrə magistr dərəcəsinə yiyələnibr.
2000 – 2002-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarında rabitə tağımının komandiri vəzifəsində xidmət edib. 1998 – 2009-cu illərdə müxtəlif şirkətlərdə proqram tərtibatçısı, verilənlər bazası inzibatçısı, İT meneceri; 2009 – 2018-ci illərdə PAŞA Bankda Texniki İşlər üzrə baş direktor müavini, Proqram Tərtibatçılığı və Dəstək direktoru və Bank Sistemlərinin İnkişafı Departamentinin direktoru; 2018 – 2020-ci illərdə Veysəloğlu şirkətlər qrupunda İnformasiya İşləri üzrə baş direktoru; 2020 – 2021-ci illərdə Dövlət Vergi Xidmətində Rəqəmsal Vergi İnzibatçılığı Baş İdarəsinin rəisi əvəzi; 2021 – 2022-ci illərdə (eManat) “Modern Group”da İnformasiya İşləri üzrə baş direktor vəzifəsində çalışıb.
2022-ci il 13 sentyabr tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin müvafiq əmrinə əsasən Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunub.
Hazırda Rəqəmsal İdarəetmə Baş İdarəsinin rəisidir.
İngilis, Rus və Türk dillərini əla səviyyədə bilir.
Evlidir, iki övladı var.

Elmir Bahadur oğlu Ramazanov - 1988-ci ildə Bakıda anadan olub.
2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatin huquqi tənzimlənməsi fakültəsini bitirib. 2022-ci ildə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsinə daxil olub.
Əmək fəaliyyətinə ixtisasına uyğun olaraq Vergilər Nazirliyində başlayıb. 2012-ci ildən vergi sistemində inspektor vəzifəsindən başlamaqla müxtəlif postlarda çalışıb. Nəticədə Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin rəis müavini vəzifəsinə qədər yüksəlib.
Dövlət Gömrük Komitəsi sədrinin 2022-ci il 15 avqust tarixli əmri ilə Bakı Baş Gömrük İdarəsinin rəis müavini təyin edilib. 2023-cü ilin iyulunda isə Bakı Baş Gömrük İdarəsinə rəis təyin olunub.
Elman İsmayıllı
"AzPolitika.info"

Şərhlər
gömrük xidməti büdcə qarşısında planı doldura bilmir , narazılıqlar baş alıb gedir və gömrük işçiləri qaçaqmalçılıqla həbs olunur