Məlum olduğu kimi, bu gün səhər saat 09:00 radələrində Binəqədi rayonunda yerləşən özəl İdrak Liseyində ağır insident qeydə alınıb. İlkin məlumata görə, liseyin 10-cu sinif şagirdi Ə.Ş atasına məxsus ov silahı ilə təhsil müəssisəsinə gələrək burada müəllim işləyən Şəhla Fəqani qızı Kamilovaya atəş açıb və ona ağır xəsarət yetirib.
Hadisədən dərhal sonra polis əməkdaşları Ə.Ş-ni saxlayıb, ondan ov silahı götürülüb. TƏBİB-in yaydığı məlumata əsasən, 1997-ci il təvəllüdlü Şəhla Kamilova Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub, əməliyyat edilib və hazırda reanimasiya şöbəsində müalicəsi davam edir. İnsidentin motivləri isə hələlik açıqlanmayıb, istintaq araşdırmaları davam etdirilir.
Bəs belə bir ağır hadisəyə görə 10-cu sinif şagirdini hansı hüquqi məsuliyyət gözləyir?
Mövzu ilə bağlı vəkil Turan Abdullazadə "Azpolitika"-ya açıqlamasında bildirib ki, hadisənin hüquqi qiymətləndirilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri əsasında aparılır. Onun sözlərinə görə, Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə əsasən, qəsdən adam öldürmə doqquz ildən on dörd ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Vəkil vurğulayıb ki, cinayət törətməyə yönəlmiş qəsdən edilən əməl şəxsin iradəsindən asılı olmayan səbəblərdən başa çatmayıbsa, bu hal qəsdən adam öldürməyə cəhd kimi qiymətləndirilir:"Sözügedən hadisədə də məhz bu cinayətin tərkib əlamətlərinin mövcud olduğu bildirilir.Cinayət etməyə cəhd zamanı təyin edilən cəza isə başa çatmış cinayətə görə nəzərdə tutulan ən ağır cəzanın yuxarı həddinin dörddə üçündən artıq ola bilməz".
Turan Abdullazadə qeyd edib ki, Azərbaycan qanunvericiliyinə görə, cinayət törədərkən 14 yaşı tamam olmuş, lakin 18 yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab edilir:"Ümumilikdə cinayət məsuliyyəti 16 yaşdan başlasa da, qəsdən adam öldürmə və digər ağır cinayətlərə görə 14 yaşından etibarən cinayət məsuliyyəti yaranır. Yetkinlik yaşına çatmayan şəxslər barəsində məhkəmə ya cəza təyin edə, ya da işin hallarını nəzərə alaraq tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edə bilər. Qanuna əsasən, azyaşlılara təyin edilən azadlıqdan məhrumetmə cəzası 10 ildən artıq ola bilməz".
"Məhkum edilmiş yetkinlik yaşına çatmayanlar isə cəzalarını xüsusi tərbiyə müəssisələrində çəkirlər. İlk dəfə azadlıqdan məhrum edilənlər ümumi rejimli, əvvəllər məhkum olunmuşlar isə möhkəm rejimli tərbiyə müəssisələrinə göndərilir. Hazırda faktla bağlı istintaq davam edir. Hadisənin səbəbləri, silahın məktəbə necə gətirilməsi və digər detallar araşdırıldıqdan sonra hüquqi qiymət veriləcək", -deyə vəkil əlavə edib.

Hadisə ilə bağlı modern.az-a açıqlama verən hüquqşünas Ramil Süleymanov isə bildirib ki, Azərbaycan Respublikasının cinayət məcəlləsinin 20-ci maddəsində göstərilir ki cinayət törədən şəxsin 16 yaşı tamam olubsa, o cinayət məsuliyyətinə cəlb olunur: “Amma 14 yaşı tamam olan şəxslər də qəsdən adam öldürməyə, qəsdən sağlamlığı ağır xəsarət yetirmə, adam oğurluğu kimi hallarda məsuliyyətə cəlb oluna bilərlər. Ümumiyyətlə, yetkinlik yaşına çatmayan şəxslərlə bağlı həm cəzalar təyin olunur həm də tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq oluna bilər. Bu zaman cərimə, islah işləri, ictimai işlər, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətdə azadlıqdan məhrumetmə cəzaları nəzərdə tutulub".
Ekpsert ölüm halında cinayət maddəsinin ağırlaşdırıldığını bildirib:"Ölüm halında bu adam öldürmə cinayəti hesab olunur və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin ilkin halda 120.1-ci maddə ilə cinayət işi başlanacaq. Sonradan əməl daha ağırlaşdırıcı maddələrə tövsif oluna bilər. Amma bu maddənin sanksiyasında azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğu üçün şəxsə (burada) cəza 10 ildən artıq olmayan müddətə olacaqdır. İlk dəfə törədilən cinayət kimi cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkə bilər".
Burada eyni zamanda məsuliyyətə cəlb oluna bilən şəxslər həmin silaha birbaşa cavabdehlik daşıyan ata nəzərdə tutulur. Həmçinin “İdrak” litseyinin mühafizə sistemini əməkdaşları da araşdırmaya cəlb ediləcək.
E. Bəyməmmədli
"AzPolitika.info"

Şərhlər
Heç kim sual vermir ki,uşaq bu hadisəni niye törədib.Idrak liseyinde ne baş verir ??Rehberlik hara baxib??
Atası həll edəcək. 100 faiz
Baxir dedesinin mövqeyinə və puluna.Özünüzü yormayın