Menu

İlin qorxunc mistikası: yoxa çıxan ikinci Malayziya təyyarəsinin axtarışları nəticə vermir

29.12.2014, 12:20
İlin qorxunc mistikası: yoxa çıxan ikinci Malayziya təyyarəsinin axtarışları nəticə vermir

Malayziyanın “AirAsia” aviaşirkətinə məxsus olan və dekabrın 28-də radarlardan itən “Airbus 320” təyyarəsinin axtarışları bərpa edilib.

Virtualaz.org saytı xarici KİV-lərə istinadən xəbər verir ki, QZ8501 reysi ilə uçan təyyarə İndoneziyadan Sinqapura uçarkən yolun yarısında radarlardan itib, təyyarənin göyərtəsində 162 nəfər sərnişin və heyət üzvü olub. Təyyarənin ya ildırım vurması üzündən, ya başqa səbəblərdən İndoneziyanın Belitunq adası rayonunda okeana düşdüyü ehtimal edilir.

Lakin təyyarənin yeri haqda hər hansı ipucu yoxdur. Gecə saatlarında dayandırılan axtarış-xilasetmə əməliyyatları bu gün səhər hava şəraitinin nisbətən yaxşılaşmasından sonra yenidən başlayıb.

İndoneziyanın milli axtarış və xilasetmə xidmətinin rəhbəri Bambanq Soelisto keçirdiyi mətbuat konfransında bildirib ki, ola bilsin təyyarə dənizin dibindədir. Bununla belə o, hələlik heç bir dəqiq məlumatın olmadığını deyib.

Qeyd edək ki, bu, il ərzində yoxa çıxan ikinci Malayziya təyyarəsidir. Bu ilin martında Malayziyanın “Malaysia Airlines” hava yolları şirkətinin “Boeing-767” təyyarəsi Hind okeanı üzərində yoxa çıxıb və bu günədək təyyarədən heç bir xəbər yoxdur. Aylarla davam edən axtarış-xilasetmə əməliyyatları heç bir nəticə verməyib.

İyun ayında isə həmin şirkətin təyyarəsi Ukraynanın Donetsk vilayəti üzərində vurulub. İndi daha bir Malayziya təyyarəsinin yoxa çıxması bu ölkənin hava yolları ətrafında qorxunc mistika hökm sürdüyünə dair konspiroloji nəzəriyyələri gücləndirib.

Xəbərlərə görə, axtarış əməliyyatlarına Sinqapur və Avstraliya da kömək edir. Gözlənilir ki, Cənubi Koreya da axtarış əməliyyatlarına qoşulacaq. İndoneziyanın vitse-prezidenti Yusuf Kala bildirib ki, təyyarənin qəzaya uğradığı ən güclü ehtimaldır. Onun sözlərinə görə, axtarış əməliyyatları Cənubi Çin dənizini Yavan dənizi ilə birləşdirən Karimat akvatoriyasında aparılır.

Təyyarə sonuncu dəfə Belitunq adası rayonu üzərindən uçarkən rabitə əlaqəsinə çıxıb. Komandir dispetçerdən marşrut haqda məlumatları təqdim etməyi istəyib. Dispetçer müvafiq informasiyaları verib və daha sonra təyyarə radarlardan itib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol